» » » Tahir Salahovun ilk fərdi rəsm sərgisi (VİDEO)

Tahir Salahovun ilk fərdi rəsm sərgisi (VİDEO)

Tahir Salahovun ilk fərdi rəsm sərgisi (VİDEO)

Moskvanın məşhur Tretyakov Qalereyasında ilk dəfə tanınmış fırça ustası, Azərbaycanın, Rusiyanın və eləcə də keçmiş Sovet İttifaqının xalq rəssamı Tahir Salahovun fərdi rəsm sərgisi açılıb.
ANS TV-nin məlumatına görə, “Günəş zenitdə” adlı sərgidə Tahir Salahovun dövlət Tretyakov Qalereyası, Rus Dövlət Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və eləcə də özünün Bakıdakı ev muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş olunurdu. Təsviri sənətdə sərt üslubun aparıcı nümayəndəsi olan rəssamın “Abşeron qadınları”, “Bəstəkar Qara Qarayevin portreti”, “Xəzərdə səhər” kimi 1950 və 2000-ci illərə aid əl işləri sərgiyə çıxarılıb. Tahir Salahov Rus incəsənətinin dahi klassikləri və xarici tanınmış rəssamların əsərlərinin sərgiləndiyi Tretyakov Qalereyasında ilk fərdi sərgisinin açılmasından duyduğu sevinci bizimlə bölüşdü:
“Mən bu gün çox xoşbəxtəm. Eyni zamanda da həyəcanlıyam. Bakıda və Moskvada yaratdığım obrazların hamısı burada - bu sərgidə birlikdə nümayiş olunur. Xüsusilə də xoşbəxtəm ki, burada böyük dostum Qara Qarayevin portreti də var. Şestokoviçin də portreti var”.
Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova da Tahir Salahov kimi dünya şöhrətli rəssamın fərdi sərgisinin keçirilməsinin çox vacib olduğunu deyir:
“Tahir Salahov çox dərin bir rəssamdır. O, üç dəfə SSRİ Rəssamlar İttifaqı sədri seçilmiş olsa da sovet ideoloji propoqandasına xidmət etməyən əsərlərini nümayiş etdirməkdən də çəkinmirdi. Onun əsərlərində sadə insan və onun həyatdakı yeri, çalışma əzmi, ümumiyyətlə həyat və ölüm mövzusu ön plandadır”.
Qeyd edək ki, sərgi mart ayının 20-dək davam edəcək.