» » » Səhiyyə Nazirliyi qriplə əlaqədar dezinfeksiya rejimi gücləndirdi

Səhiyyə Nazirliyi qriplə əlaqədar dezinfeksiya rejimi gücləndirdi

Səhiyyə Nazirliyi qriplə əlaqədar dezinfeksiya rejimi gücləndirdi

200-dən artıq şübhəli xəstələrdən hümünə götürülüb.

Azərbaycan Respublikası ilə həmsərhəd olan ərazilərdə 2015-ci ilin son aylarında epidemik qripin yayılması ilə əlaqədar ölkəmizdə xəstəliyə qarşı artıq 2 aydan çoxdur ki, geniş profilaktik tədbirlər həyata keçirilir. Hazırda Səhiyyə Nazirliyi bu məqsədlə həyata keçirilən tədbirlərin icrasını gücləndirib. 

Bu barədə ucarliyiq.biz-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verilib.

Məlumatda bildirilib ki, tədbirlər çərçivəsində ağır formalı kəskin respirator xəstəliyə yoluxması şübhəli olanların müalicəsi, o cümlədən, hospitallaşdırılması üçün xüsusi palataların ayrılması, dərman ehtiyatının yaradılması, virusa yoluxması şübhəli olan xəstələrin laborator müayinəsinin aparılması, tibb müəssisələrində dezinfeksiya rejiminin gücləndirilməsi istiqamətində işlər görülüb: 

“Həyata keçirilən tədbirlər çərçivəsində, respublikanın şəhər və rayonlarında zəruri profilaktik, qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Respublikanın bütün sərhəd ərazilərində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi ilə işgüzar əməkdaşlıq yaradılıb.

Sərhəd-keçid məntəqələrində müvafiq profilaktik tədbirlər görülüb, xüsusi avadanlıq qurulub, gündəlik nəzarət təşkil edilib və aidiyyəti mütəxəssislərə zəruri metodiki yardım göstərilib. 

Tibb işçilərinin xəstəliyə qarşı diqqətini və sayıqlığını artırmaq məqsədi ilə respublikanın bütün şəhər və rayonlarının tibb işçilərinə epidemik qrip xəstəliyi barədə təlimlər keçirilib”.

“İxtisaslaşdırılmış müəssisələrdə ağır kəskin respirator viruslu xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmış, səhiyyə müəssisələri epidemik virusa qarşı dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunub.

Yalnız yanvar ayı ərzində bu tibb müəssisələrində 100-dən artıq ağır formada kəskin respirator virus infeksiyalı şəxs müalicə olunaraq sağaldılılıb.

PZR (Polimeras zəncirvari reaksiya avadanlığı) və digər müasir avadanlıqla təchiz edilmiş virusoloji laboratoriyalarda 200-dən artıq şübhəli xəstələrdən götürülmüş nümunələrin müayinəsi təşkil olunub. 

Laborator tədqiqatları nəticəsində A (H1N1) virusu aşkar edilməyib, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A (H3N2) virusu üstünlük təşkil etdiyi müəyyən edilib.

Epidemioloji prosesə dinamik müşahidənin aparılması məqsədi ilə  respublikanın iri şəhərlərində kəskin respirator virus infeksiya üzərində gündəlik monitorinq aparılır və nəticələr təhlil edilir. Mövsümlə əlaqədar xəstəliyin bir qədər artmasına baxmayaraq, onun səviyyəsi epidemioloji həddən aşağıdır. 

Lakin buna baxmayaraq, dünyada və ələlxüsus bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi və hətta daha da gərginləşməsi ölkəmiz üçün real təhlükə yaratmaqla əlavə profilaktik, müalicəvi və əksepidemik tədbirlərin gücləndirilməsini  tələb edir” – deyə məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bu məqsədlə əlavə olaraq ağır kəskin respirator xəstələrin müalicəsi üçün nəzərdə tutulan müasir yüksək effektli dərman preparatları tibb müəssisələrinə çatdırılıb, tibb personalı üçün qoruyucu vasitələr, əhalinin maarifləndirilməsi üçün xüsusi təlimatlar göndərilib:

 “Dezinfeksiya rejimi gücləndirilib. Tətil günlərinin başlanması ilə əlaqədar bütün məktəblərdə profilaktik dezinfeksiya tədbirləri aparılır”. 

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib: 

“Əhalidən bir daha xəstəliyin əlamətləri özünü biruzə verdiyi andan tibb müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu vasitələrdən istifadə etmək, şəxsi gigiyenaya riayət etmək xahiş olunur. İmmuniteti zəiflədən xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlardan səhhətlərinə qarşı xüsusilə diqqətli olmaları tövsiyə olunur.

Nəzərə almaq lazımdır ki, epidemik  qrip mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yayılan virusun intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, təngi nəfəsliklə müşahidə olunur .Xatırlatmaq istərdik ki, mövsümi qrip zamanı ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, epidemik virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən də ağ ciyər zədələnir.

Ümumiyyətlə beynəlxalq təcrübə göstərir ki, mütləq, hətta coğrafi-iqlim parametrlərinə görə yüksək risk ərazisində yerləşən ölkələr, qripə qarşı kütləvi peyvənd tədbirləri keçirmirlər. Yayıla biləcək virusların qabaqcadan proqnozlaşdırılmasının mümkünsüzlüyü, həmçinin bu gün istehsal olunan vaksinlərin kifayət qədər effektli olmaması qripə qarşı kütləvi immunlaşdırma tədbirlərinin aparılmasının məqsədyönlü olmadığını göstərir.

Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyəti daim nəzarət altında saxlayır, zəruri tədbirlərin icrasını davam etdirir”.