» » » Bakıya qar yağdı, qaz kəsildi

Bakıya qar yağdı, qaz kəsildi

Bakıya qar yağdı, qaz kəsildi

Ölkə ərazisində havanın kəskin soyuması və qar yağması bir sıra rayonlarda, o cümlədən paytaxt Bakıda fəsadlara səbəb olub. Ötən gündən başlayaraq xüsusilə paytaxtın bir sıra rayonlarında qazın verilişi dayandırılıb.
daxil olan şikayətlərdən məlum olur ki, qaz problemi əsasən paytaxtın Abşeron, Xətai, Nəsimi, Xəzər, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonları, eləcə də, ölkəmizin Siyəzən, Goranboy, Ağdaş, İsmayıllı kimi rayonlarında daha çox hiss edilib.
Bakıya qar yağdı, qaz kəsildi

Paytaxtın qaz verilməyən əraziləri
Həmin şikayətçilərdən biri Xətai rayonu, Süleyman Əhmədov küçəsində yaşayan Səbuhi İsayev deyir ki, hava dəyişəndən qaza həsrət qalıblar. "Yanvar ayından qazı ya tamamilə vermirlər, ya da elə cüzi verirlər ki, onunla su bir saata ancaq qaynayır, istilik sistemləri həmin qazla işləmir. Evdə körpəm var, soyuqdan xəstələnib, gərək ölsünlər? Biz böyüklər bir yana, onlara yemək, çay lazımdır axı".
Buna bənzər şikayətlər isə gün ərzində həm Bakı, həm də rayonlardan daxil olub. Sakinlər gün ərzində "Azəriqaz"ın "qaynar xətt"inə edilən zənglərin isə heç bir faydası olmadığını deyirlər. Belə ki, 185 nömrəsi gün ərzində məşğul göstərir.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat rəhbəri İbrahim Kərbalayev isə səsləndirilən iddialarla razı olmadığını vurğulayıb. Onun sözlərinə görə, gün ərzində ancaq Nərimanov rayonundan şikayət daxil olub.
"Biz lazımi qədər ölkəni qazla təmin edirik. Bilirik, bəzi ərazilərdə qazla bağlı problemlər yaşanıb. Bu gün bizim qaynar xəttə də bəzi rayonlardan sakinlər zəng vurub şikayət ediblər. Xüsusən, Nərimanov rayonundan. Orada ötən gecədən qaz kəsilib. Buna səbəb baş verən qəza olub. Belə ki, boruya çırpılan maşın qaz borusunu zədələyib. Əməkdaşlarımız hadisə yerindədirlər, orada bərpa işləri gedir, yaxın saatlarda qaz tamamilə təmin olunacaq. Belə də həmin ərazilərdə qaz kəsilməyib. Alternativ qaz vasitəsilə həmin ərazidə az da olsa, qaz var", - deyə qurum rəsmisi əlavə edib.
Bakıya qar yağdı, qaz kəsildi

İbrahim Kərbalayev - “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat rəhbəri
“Azəriqaz” İB rəsmisi "qanar xətlə" bağlı deyilənlərlə də razılaşmır. O deyir ki, gün ərzində bütün zənglərə cavab verilir. "Sadəcə çoxlu zənglər olanda kimsə növbədə gözləyə bilər. Amma bu, o demək deyil ki, onların telefonlarına cavab verilmir".
Qeyd edək ki, ötən gün də Səbail rayonu, 20-ci sahənin sakinləri iki aydan çox qaz problemi yaşadıqları üçün aksiya keçiriblər. Yolları bağlayan sakinlərin harayına Səbail rayonu İcra hakimi, polis əməkdaşları və “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri gəliblər. Onlar ərazidə dərhal təmir-bərpa işləri apararaq axşam saatlarından əhalini qazla təmin ediblər.
Ümumiyyətlə, Bakıya yağan qar bir sıra problemləri də özü ilə birlikdə gətirir. Dövlət qurumları əvvəlcədən qışa hazır olduqlarını desələr də, qar yağan kimi ənənəvi olaraq hər il qaz, işıq kəsintisi, yolların buz bağlaması kimi fəsadlarla qarşılaşmaq mümkündür.