» » » Qarlı-şaxtalı hava davam edəcək (VİDEO)

Qarlı-şaxtalı hava davam edəcək (VİDEO)

Qarlı-şaxtalı hava davam edəcək (VİDEO)

Bakıda qarlı hava şəraiti davam edir. Qarın yağması, havanın şaxtalı olması paytaxtın bəzi ərazilərində avtomobillərin hərəkətində çətinliklər yaradıb. Qəzalar da qaçılmaz olub. Dövlət Yol Polisi də qəzaların qarşısını almaq üçün sürücülərə xəbərdarlıq edib.
ANS TV-nin məlumatına görə, paytaxta yağan qar yollarında nəqliyyatın hərəkətinə təsirsiz ötüşmədi. Yolların buz bağlaması səbəbindən maşınların hərəkətində çətinlik yarandı. Bəzi ərazilərdə sürücülər buzlu yollarda avtomobillərini güclə idarə edirdilər.
Buz bağlamış yollar qəzları da qaçılmaz etdi. Sürüşmə nəticəsində iki avtomobilə ziyan dəydi.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti isə bu xoşagəlməzliklərin baş verməməsi üçün gücləndirilmiş iş rejimdə işləyir. Paytaxt yollarının qardan təmizlənməsi üçün 382, respublikanın avtomobil yollarının qardan təmizlənməsinə isə 659 texnika cəlb olunub.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli magistral yollarda heç bir problemin olmadığını bildirdi: “Ümumilikdə 2 min ton duz ehtiyatı, 12 min kubmetr qum ehtiyatı toplanıb”.
Qarın yağması, yolların buz bağlaması ilə əlaqədar olaraq Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücülərə bir daha xəbərdarlıq etdi. Belə havada sürət həddini aşmamağı və yollarda daha da diqqət olmalarını tövsiyə etdi.
Avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməli, xüsusi qış təkərlərindən istifadə etməlidirlər.
Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar.
Hidrometroloji proqnozlar bürosundan isə bildirdilər ki, havanın temperaturu birazda aşağı düşəcək.
Qarlı, şaxtalı hava şəraiti yanvar ayının 28-dək davam edəcək.