» » » Buraxılış imtahanları ilə qəbul imtahanları birləşdiriləcək

Buraxılış imtahanları ilə qəbul imtahanları birləşdiriləcək

Buraxılış imtahanları ilə qəbul imtahanları birləşdiriləcək

“İmtahanları heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Trend” agentliyinə müsahibə verib.

ucarliyiq.biz xəbər verir ki, komissiya sədri qəbul imtahanları ilə bağlı gözlənilən yeniliklərdən danışarkən deyib:

“Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər”.

Komissiya sədri bildirib ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün buraxılış imtahanlarının heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən artırılmalıdır: 

“Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”.

TQDK sədrinin sözlərinə görə, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır: 

“Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik. Bu məsələ ilə bağlı ali məktəblərlə də iş aparılmalıdır. 

Təbii ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, qəbul qaydalarının təkmilləşdirilməsi, ali məktəblərdə kontingentin formalaşdırılması ilə bağlı maddələrə aid işlər tədricən aparılacaq”.