» » » “Şollar” su kəmərinin istismara verilməsindən 100 il ötür

“Şollar” su kəmərinin istismara verilməsindən 100 il ötür

“Şollar” su kəmərinin istismara verilməsindən 100 il ötür

AMEA məlumat yayıb.

“Şollar” − Birinci Bakı Su Kəmərinin istismara verilməsindən 100 il ötür. Belə ki, 2017-ci ildə su kəmərinin istifadəyə verilməsinin 100 ili tamam olacaq. 

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib. 

F.Qədirov kəmərin son yüz ildə Bakı şəhərinin içməli su ilə təminatında əhəmiyyətli rol oynadığını qeyd edib. 

““Şollar” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir”, – deyə bildirən alim kəmərin öz dövründə Avropanın ən uzun su kəməri olduğunu və mənbəyini Bakıdan 187 kilometr uzaqlıqda yerləşən Xudat şəhərindəki yeraltı sulardan götürdüyünü diqqətə çatdırıb. 

Kəmər məşhur ingilis hidravlik-mühəndisi Vilyam Harleyn Lindleyin layihə rəhbərliyi və tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilib. 

Kəmərin tikintisinə 1903-cü ildə başlanıldığını deyən akademik müxtəlif ictimai-siyasi hadisələrlə əlaqədar bu prosesdə müəyyən fasilələr yarandığını, bununla belə tikintinin 14 il sonra başa çatdırıldığını bildirib.

Tədbirdə vurğulanıb ki, kəmərin çəkilişi XX əsrin əvvəllərində geoloji, kimyəvi, fiziki, tibbi, texniki istiqamətlər üzrə ciddi elmi araşdırmalar nəticəsində mümkün olub. Bu baxımdan "Şollar" − Birinci Bakı Su Kəmərinin çəkilişi XX əsrin əvvəllərində Azərbaycanda təbiət elmləri sahəsində əldə edilmiş nailiyyətlərin nəticəsidir.

İclasda 2017-ci ilin yanvar-fevral aylarında “Azərsu” ASC ilə birgə “Şollar” − Birinci Bakı Su Kəmərinin istismara verilməsinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsi, kitab-albomun hazırlanaraq nəşr olunması, eyni zamanda yubiley münasibəti ilə sərginin təşkilinə dair qərar qəbul edilib. 

Sözügedən tədbirlərin təşkili AMEA Yer və İctimai Elmlər bölmələrinə həvalə olunub.