» » » Adelina Mnatsakyan: Mənim mənzilimi Ayaz Mütəllibov alıb

Adelina Mnatsakyan: Mənim mənzilimi Ayaz Mütəllibov alıb

Adelina Mnatsakyan: Mənim mənzilimi Ayaz Mütəllibov alıb

“Mən bir çox azərbaycanlıların tanımadıqları erməniləri xilas etdiklərini görmüşəm”.

Erməni diasporası bütün dünyada 1990-cı ilin yanvar ayında Bakıda baş verən faciəli hadisələrə həsr edilmiş təntənəli mərasimlər keçirməyə davam edir, halbuki həmin hadisələrdə ermənilərdən çox azərbaycanlılar zərər çəkmişdilər.

ucarliyiq.biz xəbər verir ki, Sankt-Peterburqda erməni diasporasının nümayəndələri bu qəbildən olan tədbir təşkil ediblər, tədbirdə Rusiyanın şimal paytaxtında yaşayan görkəmli ermənilər iştirak ediblər.

Şimali-qərbi federal dairənin miqrasiya siyasəti üzrə İctimai Şuranın sədri, “Lastoçka” MDB ölkələrinin Beynəlxalq qaçqın və köçkün uşaqların reabilitasiya və sosial müdafiəsi Mərkəzinin direktoru Adelina Aşotovna Mnatsakyan da əlamətdar günü qeyd edənlərin sırasında idi.

O, bu yaxınlarda nə vaxtsa doğma olan Bakıya səfərdən imtina etdiyini bildirib, səbəb isə 1990-cı ildə baş verən hadisələrin xatirəsinin indi də qəlbini sızlatmasıdır.

Adelina Mnatsakyan Sankt-Peterburqda erməni diasporunun fəal üzvü olmasına və “DQR-nin müstəqilliyinə” (Dağlıq Qarabağ Respublikası) həsr edilmiş bütün görüşlərdə iştirak etməsinə baxmayaraq, haqqin.az ilə söhbətdə o, Azərbaycan ərazisindəki separatçı qurumdan deyil, həyatının Bakı dövründən danışmağı üstün tutdu.

- Bakıda keçirdiyiniz illərinizi tez-tez xatırlayırsınız?

- Əlbəttə. Bunsuz olar ki? Biz Bakıda elə mehriban yaşayırdıq ki, bir-birimizi çox sevirdik, heç kim milli mənsubiyyətə fikir vermirdi. Qonşuları çağırmamış masa arxasına oturmurduq. Bəli, bu gözəl idi. Belə bir şey dünyanın heç bir yerində yoxdu.

Bilirsiz mən axı Qarabağda doğulmuşam. Respublika rəhbəri Mircəfər Bağırov, o zaman DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti) İctimai komitəsinin katibi olan atama Bakıda iş verəndə mənim dörd yaşım var idi.

- Bakıda hansı vəzifədə işləyirdiniz?

- Əmək fəaliyyətimə Zevin küçəsində yerləşən uşaq bağçasında başlamışam, bu bağçada sovet Azərbaycanının yüksək vəzifəli partiya işçilərinin və dövlət xadimlərinin uşaqları tərbiyə alırdı. Mən Heydər Əliyevin bizim qarşımızda leytenant Mşitd adına zavodda çıxış etməyini xatırlayıram. Demək istərdim ki, indiyə qədər Heydər Əliyevə dərin hörmətlə yanaşıram – o, görkəmli sovet partiyası və siyasi xadimi idi.  

Daha sonra məni Nərimanov rayonuna keçirdilər, orada 89 saylı uşaq bağçasında 25 il işlədim. Montindəki bağçanı valideynlər elə Adelina Aşotovnanın bağçası adlandırırdılar.

- Siz Azərbaycanı nə vaxt və hansı şərtlər altında tərk etdiniz?

- Bu 1989-cu ildə olub. Mənə o dövrdə Azərbaycan Nazirlər Şurasının sədri olan Ayaz Mütəllibov yardım etdi. Yeri gəlmişkən o mənim Lenin prospektində yerləşən mənzilimi aldı. Demək istərdim ki, həmin illərin dəhşətli hadisələrinə baxmayaraq mən azərbaycanlılara qarşı nifrət hiss etmirəm.

Mən bir çox azərbaycanlıların tanıdıqları və tanımadıqları erməniləri Bakıda necə xilas etdiklərini görmüşəm. Və mən bu gün də sadə azərbaycanlıların o günlərdə baş verən hadisələrdə günahkar olmadıqlarını deməkdə davam edirəm. Günahkar deyillər, başa düşürsüz? Onlar özləri həmin illərdə zərər çəkdilər.

- Erməni KİV-də sizin bu yaxınlarda Bakıya dəvət etdildiyiniz barədə yazmışdılar. Səfərdən niyə imtina etdiniz?

- Bəli, həqiqətən də mənə Bakıya gəlməyi təklif etdilər. Amma Bakıda mənim doğmalarımdan heç kim yoxdu. Əgər düzünü desəm, mən öz doğma şəhərimdə olmaq, onun bu zaman ərzində necə dəyişdiyini görmək istərdim. Deyirlər ki, Bakı çox gözəl şəhər olub. Mən, əgər təhlükəsizliyə zəmanət olsaydı, böyük məmnuniyyətlə Bakıya gedərdim. 25 il işlədiyim və böyük əmək sərf etdiyim uşaq bağçasına baxmaq istərdim, gənc qız olarkən Rəşid Behbudovun ardınca qaçdığımız Torqovı küçəsində gəzmək istərdim.

- Bu gün nə ilə məşğulsunuz?

- Mən artıq 25 ildir ki, uşaqları xilas edirəm. Mənim üçün uşağın hansı millətə mənsub olmasının fərqi yoxdur – rus, erməni, azərbaycanlı, ukraynalı. Qətiyyən fərqi yoxdur. Mənim üçün bütün uşaqların bir milliyyəti var – uşaq. Mənim məqsədim uşaqlara yardım etməkdir.