» » » Qəbiristanlıqlarda intizam yaradılacaq

Qəbiristanlıqlarda intizam yaradılacaq

Qəbiristanlıqlarda intizam yaradılacaq

Azərbaycanda qəbiristanlıqlardakı intizamsız vəziyyət cəmiyyəti narahat edən məsələlərdən biridir və bu məsələnin hansı qaydada tənzimlənməsi ilə bağlı uzun müddət idi ki, müxtəlif səviyyələrdə müzakiələr aparılır, münasibət bildirilir və təkliflər irəli sürülürdü.
Artıq Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi tərəfindən “Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi Milli Məclisin müvafiq komitələrinin, o cümlədən müvafiq dövlət qurumlarının müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra qanun layihəsinin təklif edilən düzəlişlər də nəzərə alınmaqla Milli Məclisin plenar iclasına çıxarılması nəzərdə tutulur.
Yeni hazırlanan qanun layihəsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmaylov deyib ki, qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəfələrlə bildirib ki, bu sahənin tənzimlənməsinə ciddi ehtiyac var. Biz dəfələrlə bu istiqamədə mövqeyimizi bildirmişik və təşəbbüs irəli sürmüşük. Milli Məclis tərəfindən belə bir qanunun hazırlanması tədqirəlayiqdir. Güman edirəm ki, bu qanun layihəsinin qəbulundan sonra bu sahə kifayət qədər tənzimlənəcək və bu sahədəki problemlər həllini tapacaq”.
Milli Məclisin Reqional məsələlər komitəsinin üzvü Tahir Rzayev də bildirib ki, yeni qanun layihəsi bu gün üçün vacib olan bir məsələdir
T.Rzayev deyib ki, qanun layihəsinin qəbul olunmasından sonra qəbiristanlıqlarda nizam-intizam bərpa olunacaq:
“İndi kim harda istəyir vəfat etmiş yaxınını dəfn edir, ara məsafələri, keçid üçün yollar qoymurlar, bir adam gedib beş qəbrin yerini hasara salıb orada bir nəfəri dəfn edir, başqaları isə yer tapa bilmir, biri çox böyük və bahalı qəbir düzəltdirir, o birisinin qəbri onun kölgəsində qalır. Amma yeni qanun layihəsində bütün bu məsələlər nizamlanır, qəbirlərin hamısının ölçüsünün eyni olması, standart ara məsafələrinin qoyulması nəzərdə tutulur”
Qeyd edək ki, “Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsində qanun qəbiristanlıqların mühafizəsi, qəbrlər üçün torpaq sahələrinin ayrılması, qəbir daşlarının ölçülərinə nəzarət olunması və s. məsələlərin tam olaraq bələdiyyələrə həvalə olunması nəzərdə tutulur