» » » Bu gün gənclərin bayramıdır

Bu gün gənclərin bayramıdır

Bu gün gənclərin bayramıdır

Bu gün Azərbaycanda Gənclər günüdür. Bu gün 1997-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb.
2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Bu gün gənclərin bayramıdır

Ümumilli lider Heydər Əliyev
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır. Bu məntiqlə ölkə vətəndaşlarının 1/3 hissəsi, yəni 3 milyon nəfərə yaxını gənclərdir və bu gün onların bayramıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, gənclər arasında kişi və qadınların payı, demək olar ki, eynidir. Yəni orta hesabla 50 faizdir. Gənc əhalinin 53 faizi şəhərdə, 47 faizi isə kənddə yaşayır. Müasir Azərbaycan gəncliyində ali təhsillilərin payı isə 60 faizdən çoxdur. Amma onların heç də hamısı işlə təmin olunmayıb. Bununla belə, gənclərin başqa problemləri da var.
Yanvarın 29-da prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. O, gənclər siyasətinin əsas istiqamətləri, gənclərin dövlətin inkişafındakı rolu barədə danışıb.
Bu gün gənclərin bayramıdır

Prezident İlham Əliyev bir qrup gənclə - 29.01.2015
Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:
-Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
-İstedadlı gənclərə dövlət qayğısı;
-Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
-Gənclərin məşğulluğunun təmin edilməsi;
-Gənc ailələrə dövlət yardımı;
-Gənclər təşkilatlarına dövlət yardımı.