» » » Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı

Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı

Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi son günlərdə bananlarda rast gəlinən və qan olduğu iddia edilən qırmızı ləkələrlə bağlı açıqlama verib.
Nazirlikdən verilən əlumata görə,son günlərdə bəzi kütləvi informasiya vasitələrində banan meyvələrində qeyri-adi qırmızı ləkələrə rast gəlinməsi meyvələrin daxilinə yeridilmiş qan kimi qələmə verilir. Bu hallar insanlar arasında narahatlığa səbəb olub.
Bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən idxal olunan banan meyvələrinə karantin baxışı keçirilərkən bu tip meyvələrə rast gəlinməmiş, Dövlət Xidməti tərəfindən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış məntəqələrində fitosanitar monitorinqlər həyata keçirilmiş və bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı olan banan meyvələrindən laboratoriya analizləri məqsədilə nümunələr götürülüb.
Məsələ ilə bağlı Dövlət Xidmətinin “üzərində qan ləkəsi olması ehtimal edilən banan meyvələrinin xidmətə təqdim edilməsi” barədə açıqlamasından sonra quruma vətəndaşlar tərəfindən də ekspertiza üçün bir neçə banan nümunələri təqdim edilib.
Dövlət Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertiza Mərkəzində banan nümunələrinin müvafiq ekspertizaları keçirilmiş, götürülmüş nümunələrdən yalnız pərakəndə satış məntəqələrində uzun müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrində və vətəndaşlar tərəfindən təqdim edilmiş iki nümunədə qanabənzər ləkələr aşkar edilib.
Müvafiq ekspertizalar nəticəsində banan meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” bakteriyası ( Pseudomonas celebensis Gaumann, 1929) tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatlar təhlil edilməsi nəticəsində xəstəliyin insana və digər bitkilərə keçmədiyi, insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilib. Xəstəliyə nadir hallarda rast gəlinir.
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı

İçərisindən qan laxtası çıxan banan
Bakteriya ilk dəfə 1920-ci illərdə İndoneziyanin Sulavesi, keçmiş Celebes bölgəsində cır banan üzərində aşkar edilib. Bakteriyalar əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç bir əlamət görünmədən, bir neçə həftə ərzində sirayətlənmiş meyvə daxilində inkişaf edə bilir. Bu səbəbdən də yetişməmiş halda yığılan və idxal edilən banan meyvələrində aşkar edilmir.
Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşərat vasitəsilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır. Banan meyvələri satış məntəqələrində əlverişsiz şəraitdə saxlanıldıqda xəstəlik inkişaf edərək meyvələrin xarab olmasına səbəb olur.
Eyni zamanda Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində götürülmüş nümunələr ətraflı təhlil edilmiş, aparılan analizlər nəticəsində banan nümunələrində pestisidlər, nitrat və nitritlər, ağır metallar və mikotoksinlər aşkar edilməyib.
Bir daha bildiririk ki, bu xəstəlik insan orqanizmi və respublikanın bitki örtüyü üçün təhlükəli deyil. Vətəndaşlara satış məntəqələrində əlverişsiz şəraitdə uzun müddət saxlanılan banan və digər meyvə-tərəvəzləri almamaları tövsiyə olunur.
2016-cı ilin yanvar ayı ərzində Dövlət Fitosanitar Nəzarəti Xidmət tərəfindən üzərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib və keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 10517 kq meyvə-tərəvəz məhsulu dövriyyədən çıxarılaraq məhv edilib. Məhv edilmiş meyvələrin 101,5 kiloqramını banan meyvələri təşkil edir.