» » » Avtomobil kreditləşməsi bərpa edildi

Avtomobil kreditləşməsi bərpa edildi

Avtomobil kreditləşməsi bərpa edildi

Son vaxtlar avtomobil kreditlərinin ləğv edilməsi onsuz da vəziyyəti o qədər də xoş olmayan maşın salonlarının vəziyyətini bir az daha çətinə salıb. Bunun sayəsində bəzi avtomobil alğı-satqısı ilə məşğul olan iri şirkətlərin filialları bağlanıb, bağlanmayanlar isə müştəri qıtlığından əziyyət çəkirlər.
Ucarliyiq.biz xəbər verir ki, yaranmış vəziyyətdən satıcılar da narazıdırlar. Paytaxtın avtomobil satışı ilə məşğul olan böyük salonlarından birinin administratoru Kamran Vəliyev deyir ki, son aylar vəziyyət o qədər pisləşib ki, hətta həftə ərzində bir avtomobil belə satılmır:
"Əvvəllər avtomobil kreditləri var idi deyə, gün ərzində 1, 2 avtomobil satırdıq. Sonra kreditlər ləğv edildi və işimiz bir az da çətinə düşdü. Son vaxtlar isə əhalinin alıcılıq qabiliyyəti tamamən aşağı düşüb. Ona görə də satış edə bilmirik. Hazırda riskə gedərək daxili kreditləşmə ilə satış həyata keçiririk. Ancaq dediyim kimi bu, riskdir. Çünki hər hansı vətəndaş gəlirini göstərərək bizdən daxili kreditləşmə yolu ilə avtomobil alır. Maşını bir neçə ay sürən adam daha sonra gəlir ki, ödəməyə imkanım yoxdur. Avtomobil alan alıcıların bəziləri də ödəməyə imkanı olmadığı üçün krediti bir neçə ay ödəyib daha sonra maşını geri qaytarır. Biz də çıxılmaz vəziyyətdə qalırıq. Ona görə də daxili kreditləşmə şirkətə sərf eləmir".
Avtomobil kreditləşməsi bərpa edildi

Lakin bu faktor özünü avtomobillərin qiymətində göstərməyib. Hətta əksinə qiymətlərdə bahalaşma müşahidə edilir. Belə ki, əvvəllər 24 min 500 manata satılan maşınlar hazırda 26 min 700 manata təklif edilir. "Çünki dolların bahalaşması özünü maşın qiymətlərində də göstərdi. Hazırda alıcılara heç bir güzəşt də edə bilmirik. Çünki həftədə bir maşın satan bir salon alıcıya hansı güzəşti edə bilər?!" - deyə Kamran vurğulayır.
Müşahidə apardığımız digər avtosalonlarda da vəziyyət fərqli deyil. Hər kəs alıcı qıtlığından şikayətlənirdi. Bəzi avtosalonlar isə alıcı qıtlığına tab gətirə bilməyib və bəzi şöbələri bağlamaqla vəziyyətdən çıxış yolu tapmağa çalışır.
Avtomobil kreditləşməsi bərpa edildi

Fəaliyyətini dayandıran avtosalonlardan biri
Ekspertlər isə avtomobil alğı-satqısında müşahidə edilən durğunluğun hələ uzun müddət davam edəcəyini, hətta daha da dərinləşəcəyini düşünür. Hüquqşünas Ərşad Hüseynov hesab edir ki, yaranan durğunluğun əsas səbəbi iqtisadi böhranla bağlıdır: "İnsanlar maddi çətinliyə düşdükləri zaman ilk olaraq avtomobildən imtina edir. Hazırda da bəzi iqtisadi çətinliklər olduğu üçün bu ilk növbədə maşın bazarına təsir edib. Burada dövlət qurumlarının da payı var. Çünki ötən ilin noyabrında büdcə müzakirəsi zamanı dövlət qurumları xidməti avtomobillər almaqdan imtina etdi. Bu da salonların alverinə müəyyən qədər öz təsirini göstərdi. Ancaq maşın alğı-satqısında yaranan əsas durğunluğa səbəb avtomobil kreditlərinin ləğv edilməsi ilə bağlıdır".
Avtomobil kreditləşməsi bərpa edildi

Ərşad Hüseynov - hüquqşünas
Ə.Hüseynov bəzi avtosalonların daxili kreditləşmə yoluna üz tutmasına da münasibət bildirib. Onun sözlərinə görə, bu, bəzi hallarda avtosalonla alıcını üz-üzə qoyur. Belə ki, bu zaman sürücüyə avtomobilin qeydiyyat şəhadətnaməsi verilmir. Daxili kreditləşmə zamanı sürücünün avtomobili yalnız etibarnamə ilə idarə etməsi hüquqi cəhətdən doğru hal deyil. "Yol polisi isə qeydiyyat şəhadətnaməsi olmayan avtomobili cərimə meydançasına aparacaq. Həm də alıcıya salon tərəfindən təkcə etibarnamə verilməsinin digər bir çətinliyi isə odur ki, maşını alan şəxs pulu ödəyə bilmədikdə avtosalon həmin nəqliyyat vasitəsini asanlıqla alıcıdan geri ala bilər. Alıcı isə öz növbəsində ödədiyi pulu tələb etdikdə ortaya problemlər çıxacaq. Ona görə də bu çıxış yolu deyil".
Alıcılıq qabiliyyətinin aşağı düşməsi ölkəyə son illər gətirilən avtomobillərin sayında da özünü göstərir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycana 2013-cü ildə 104 min 385, 2014-cü ildə 63 min 368, 2015-ci ildə isə 26 min 785 nəqliyyat vasitəsi gətirilib.
Avtomobil kreditləşməsi bərpa edildi

Ölkəyə gətirilən avtomobillərin illər üzrə statistikası
Əlavə edək ki, Milli Bank 2014-cü ilin yanvar ayının 18-də avtomobillәrin alınması üçün vətəndaşlara verilən kreditlərin dayandırılması ilə bağlı banklara göstəriş verib. Mərkəzi Bankın bu qadağası həmin gündən bütün banklara elan olunub və bununla da maşınların alınması üçün kredit verilmәsi dondurulub. Azərbaycanda kreditlərin risk faizi yüksək olsa da, maşın krediti təminatlı kreditlər kateqoriyasına aiddir. Ancaq əsas bankın qadağasından bir müddət sonra banklar yenidən avto kreditləri bərpa etməyə başladı. Kreditlərin dayandırılması sonuncu dəfə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra baş tutub.
Ümumiyyətlə ölkədə nəqliyyat vasitələri bazarında yaranan durğunluğu aradan qaldırmaq üçün avtosalonlar bir sıra xüsusiyyətlərə əməl etsələr, bazarda müəyyən canlanma yaranar. İlk olaraq alıcılara qiymətlərdə, yaxud hansısa detallarda böyük endirimlər tətbiq edilməlidir. İkinci olaraq isə ölkəyə qiyməti daha münasib maşınlar gətirilməlidir. Məsələn, Almaniyada bahalı avtomobillər sadəcə bir neçə salonda satılır. Əksər avtosalonlar isə daha çox ucuz və mühərrikinin həcmi az olan maşınların satışı ilə məşğuldurlar.
Dünya ölkələrində ucuz və keyfiyyət cəhətdən sözünü deyən bəzi markalar var ki, bunlardan istifadə etməklə bazarı müəyyən qədər canlandırmaq olar.