» » » Baxımsız qalan şəhid məzarları

Baxımsız qalan şəhid məzarları

Baxımsız qalan şəhid məzarları

"Lerik rayonunun Rvarud kənd şəhidlərinin dəfn olunduğu qəbiristanlıq baxımsızlıq səbəbindən dağılıb".
Bu barədə kənd sakinləri məlumat veriblər. Onlar bildirirlər ki, kəndin şəhidlər xiyabanında iki şəhid məzarı var:
"Bunlar Səxavət Əbil oğlu Hacıyev və Etiqad Balaxan oğlu Hacıyevdir.1993-cü ildə şəhid olan bu şəxslər eyni zamanda əmioğlu olublar. Onların məzarı əvvəllər təmirli idi. Ancaq son vaxtlar yetərli qədər diqqət yetirilmədiyi üçün dağılıb. Dəfələrlə həmin məzarların bərpası üçün müraciət etsək də, müsbət bir cavab ala bilməmişik", - deyə kənd sakinləri bildirdilər.
Məsələ ilə bağlı Lerik Rayon İcra hakiminin ictimai-siyasi və humanitar işlər üzrə müavini Arzu Vəliməmmədova bildirdi ki, şəhidlərin məzarlarının dağılmasından xəbərdar olmayıb:
"Əgər elə bir vəziyyət varsa, bizim əməkdaşlar tərəfindən baxış keçiriləcək və məsələ yerində araşdırılacaq. Lakin hava şəraiti ilə əlaqədar olaraq hələlik həmin ərazidə təmir-bərpa işləri aparmaq mümkün olmayacaq. Ancaq havanın temperaturu yüksəldikdən sonra orada təmir işləri aparılacaq. Yəqin ki, kənd icra nümayəndəsi məsələdən xəbərdar olub. Ancaq bizə heç bir məlumat verilməyib".
Baxımsız qalan şəhid məzarları

Dağılan şəhid məzarları
İcra müavini təmir işləri aparılacağını bildirsə də, məzarların mərmər daşlarla üzlənməyəcəyini bildirdi: "Biz bütün şəhidlərimizin məzarına eyni dərəcədə hörmət göstəririk. Ona görə bütün məzarları adi daşlarla təmir edirik və bu qəbirlərdə də fərqlilik edə bilmərik".
Kəndin icra nümayəndəsi bildirdi ki, hər iki şəhidin valideyni sabah icra hakimiyyətinə çağırılacaq və onlarla təmir-işləri ilə bağlı danışıqlar aparılacaq.
Rvarud kəndi Lerik rayonunun mərkəzindən 17 km aralıda yerləşir. Əsasən dağlıq və qismən düzənlik relyefə malikdir. Kəndin ortasından onu iki hissəyə bölən Rvarud çayı axır.
Kənd eyni zamanda üzunömürlülər kəndi kimi də tanınır. Kəndin 60-dan çox sakini II Dünya Müharibəsinin iştirakçısı olub. Həmçinin Qarabağ müharibəsində kənd 3 şəhid verib. "Rvarud" sözünün Lerik rayonundakı Rovərud çayının adından yarandığı qeyd edilir. Mənası "Yol kənarı çay" deməkdir.

Rvarud kəndi xəritədə