» » » Rəşad Süleymanov: Orduya qarşı qarayaxma kampaniyasına start veriblər

Rəşad Süleymanov: Orduya qarşı qarayaxma kampaniyasına start veriblər

Rəşad Süleymanov: Orduya qarşı qarayaxma kampaniyasına start veriblər

“Video Sərhəd Qoşunlarında bir humanitar tədbir zamanı çəkilib”.

Son günlərdə sosial şəbəkələrdə, əsasən də Azərbaycandan kənarda idarə olunan səhifələrdə Silahlı Qüvvələrə qarşı yeni bir kampaniyanın başladıldığı müşahidə olunur.

“AzeriDefence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov ucarliyiq.biz-ə açıqlamasında bildirib ki, həmin qüvvələr ictimaiyyət və Silahlı Qüvvələr arasındakı münasibətlərə zərbə vurmağa, onların arasında uçurum yaratmağa cəhd göstərirlər.

Bunun üçün onlar minlərlə üzvü olan bəzi sosial şəbəkələrdə müxtəlif fotolar və videolar paylaşırlar. 

Bunlardan biri də bir neçə gün əvvəl Facebookda və müxtəlif saytlarda yer alan fiziki qüsurlu şəxsin poliqonda silahdan atəş açarkən çəkilmiş videosunun yayılmasıdır.

R.Süleymanov bildirib ki, video ilə tanışlıq zamanı onun kontekstdən çıxarıldığını müşahidə edib.

“Bu video Sərhəd Qoşunlarında bir humanitar tədbir zamanı çəkilib. Məlumat üçün bildirim ki, artıq bir neçə ildir Sərhəd Qoşunlarında, ötən ildən başlayaraq Müdafiə Nazirliyində ildə bir neçə dəfə fiziki cəhətdən qüsurlu gənclərin hərbi hissələrə səfəri düzənlənir. Onlar rəmzi olaraq “birgünlük xidmət” edirlər. 

Qeyd edim ki, analoji humanitar tədbirlər Türkiyə, İran, Qazaxıstan daxil olmaqla bir çox ölkələrdə təşkil olunur.

Bizdə də həmin tədbirlərdə iştirak edən fiziki cəhətdən qüsurlu vətəndaşların özlərini bir günlük də olsa əsgər saymaları üçün onlara hərbi geyim verilir, əsgər yeməyi yeyir, silahlarla tanış olur və poliqonda atışlar da həyata keçirirlər.

Hətta bizdə ötən il Müdafiə Nazirliyində təşkil olunmuş tədbir öz təşkilatçılığına görə Türkiyədəki tədbirdən belə geri qalmadı”.

Jurnalist qeyd edib ki, analoji tədbirlərin birində telefonla çəkilmiş bu video ictimaiyyətə “xəstə gəncin hərbi xidmətə çağırılması” kimi təqdim edilir.

Bunun humanitar aksiyada baş verməsi barədə heç bir söhbət açılmır:

“Bəzi qaragüruhçular da bundan istifadə edərək orduya qarşı qarayaxma kampaniyasına start veriblər”.

Jurnalist onu da qeyd edib ki, Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin hərbi xidmətə qəbulu zamanı onların tibbi yoxlamalarına ciddi diqqət yetirilir:

“Hətta o videoya yazılan şərhlərdə bəzi vətəndaşlar özləri bunu vurğuladılar. DSX-də xidmətə qəbul zamanı səhhətində hansısa problem çıxarsa, həmin şəxs geri qaytarılır. Bunu Sərhəd Qoşunlarında xidmət edənlər yaxşı bilir. Videodakı fiziki qüsuru olan şəxslərin Sərhəd Qoşunlarına əsgər kimi xidmətə qəbulu ümumiyyətlə mümkün və ağlabatan deyil.

Eləcə də son illər Müdafiə Nazirliyi sistemində xidmətə qəbul edilən şəxslər təkrar tibbi yoxlamadan keçirilir. Hansısa problemləri olursa, dərhal geri qaytarılırlar. Hesab edirəm ki, bu videonu yayımlayın, fiziki qüsurlu şəxslərə həqarət etmiş şəxslər buna görə onlardan üzr istəməli, əlillərin hüquqlarını müdafiə edən təşkilatlar da məsələni diqqətə götürüb bunu pisləyən bəyanat verməlidirlər”.