» » » Həbsxanada ölən məhkumla bağlı – RƏSMİ AÇIQLAMA

Həbsxanada ölən məhkumla bağlı – RƏSMİ AÇIQLAMA

Həbsxanada ölən məhkumla bağlı – RƏSMİ AÇIQLAMA

Nurani İbrahimov gəzinti vaxtı yıxılıb ölüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 6 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkumun döyülməsi, iki nəfərin öldürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Xidmətdən ucarliyiq.biz-a verilən xəbərə görə, son günlər bununla bağlı həqiqətə uyğun olmayan qərəzli məlumatlar yayılmaqdadır.

Pentensiar Xidmət bildirir ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələrinə əsasən, 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum Nurani İbrahimov qanunla nəzərdə tutulmuş gəzinti vaxtı qəflətən özünü pis hiss edərək yerə yıxılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardıma baxmayaraq, vəfat edib.

Faktla bağlı dərhal prokurorluğa məlumat verilib və araşdırma başlanılıb. Mərhumun meyitinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış ilkin xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkarlanmayıb, daxili müayinəsinin aparılması və ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

“Mətbuatda həmin müəssisədə cəza çəkən məhkum Sahib Abbasovun döyülərək öldürülməsi, digər məhkumlar Elmir Əsədovun və Tariyel Şahverdiyevin xəsarət alaraq, xəstəxanaya köçürülmələri barədə yayılmış qərəzli məlumatlar uydurma olmaqla həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış fikrin formalaşmasına yönəlib.

Həmin məhkumlar mətbuatda yayılan yalan məlumatlara görə, valideynləri və yaxınları narahatlıq keçirməsinlər deyə, onlarla telefon əlaqəsi saxlayıblar. Bununla belə təşvişə düşən məhkumların valideynləri və yaxınları yanlış məlumatlar yayan kütləvi informasiya vasitələrinə qarşı öz hiddətlərini ifadə ediblər.

Sensasiya məqsədilə uydurma məlumatlar yayan kütləvi informasiya vasitələrinin nəzərinə çatdırılır ki, yalan və qərəzli yazılar dərc etmək yolverilməzdir, bu kimi hallar mətbu orqanın nüfuzuna xələl gətirir, cəmiyyət daxilində çaşqınlıq və narazılıq yaradır”, – deyə xidmətdən əlavə edilib.