» » » Nəsirəddin Tusi – 815

Nəsirəddin Tusi – 815

Nəsirəddin Tusi – 815

O, sürgün həyatı keçirib.

Bu gün filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi Nəsirəddin Tusinin doğum günüdür.

ucarliyiq.biz xəbər verir ki, Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi və ya qısaca Nəsirəddin Tusi - azərbaycanlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi (11 camadiyul əvvəl 597-ci il) 1201-ci il 17 fevralda (bəzi mənbələrdə 18 fevralda - red.) Tus şəhərində anadan olub.

Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınıb.

25 İyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiələrinin 7-ci imamı Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının ayaq tərəfində dəfn olunub.

Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunub (qəribədir ki, sərdabə 17 fevral 1201-ci ildə (11 cumadəl ulə 597) tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).

İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınıb alimlərinin – İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görüb.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir.

1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən “Ələmut” (“Qartal yuvası”) qalasına aparılıb. O, burada sürgün həyatı keçirib.

Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olub.

Alim 1242-ci ildə tamamladığı məşhur “Şərh əl-İşarat” (Əbu Əli İbn Sinanın “İşarələr və qeydlər” adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı:

“Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”. 

1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başladı. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan “Ələmut” qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoydu, Nəsirəddini və digər alim məhbusları azad etdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olundu.

Hülakü xan 1258-ci ildə Bağdadı fəth edərək, Abbasilər sülaləsinin hakimiyyətinə son qoydu. Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları “ilxan”lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.

Tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. 1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid”, “Başlanğıcın təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb.

Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə”də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilib. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır.

Bundan başqa alimi tarixə, mineralogiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları”, “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnib. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.