» » » Komitəsi Səfər İmanovun işdən azad olunması məsələsinə aydınlıq gətirdi

Komitəsi Səfər İmanovun işdən azad olunması məsələsinə aydınlıq gətirdi

Komitəsi Səfər İmanovun işdən azad olunması məsələsinə aydınlıq gətirdi

“Hazırda araşdırmalar davam edir”.

10 il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ailə, qadın, uşaq siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər və vacib layihələr həyata keçirib. 

Bu barədə ucarliyiq.biz-a komitənin mətbuat xidmətindən bildirilib.

“Eyni zamanda, dövlət komitəsi və onun nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən təkcə keçən il ərzində 3 866 nəfərə sosial, psixoloji, konsultativ yardımlar edilib, 775 risk qrupundan olan ailəyə problemlərinin həlli məqsədilə səfərlər edilib. Ümumilikdə, dövlət komitəsinin tabeçiliyinə verildiyi gündən bu günə qədər Uşaq və Ailələrə Dəstək mərkəzlərinə edilmiş müraciətlərin sayı 7 842 olub, onlardan 3 691-i uşaq məsələləri ilə bağlı müraciətlər olub. Komitəyə ümumilikdə 28 079 vətəndaş müraciət edib”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, qurum tərəfindən həmin problemlər həll edilib, həm də digər fəaliyyətlər həyata keçirilib.

“Müsbət yönümlü müraciətlərdən əlavə, eyni zamanda dələduzluq və korrupsiya ilə bağlı bir çox faktlarla da rastlaşmışıq. Təkcə keçən il ərzində 27 nəfər dələduzluq, 11 nəfər pulunun aldadılaraq əlindən alınması şikayəti ilə bağlı müraciət edib. Bu kimi hadisələrdən heç kimin yaxınları və qohumları, bir sözlə, heç kəs sığortalanmayıb.

Bir daha qeyd edirik ki, dövlət komitəsinin keçmiş əməkdaşı Səfər İmanov 2015-ci il 1 noyabr tarixindən fəaliyyətini dayandırıb. Fəaliyət göstərdiyi müddət ərzində onunla bağlı inzibati pozuntular baş verib və iki dəfə töhmət alıb. İşdən azad olunma səbəblərindən biri də ondan ibarət olub ki, dövlət komitəsinin bir neçə əməkdaşından öz problemlərinin həlli məqsədilə pul vəsaiti istəyib. 

Nəzərə çatdırmaq lazımdır ki, Səfər İmanov anası və digər ailə üzvlərinin səhhətindəki problemlərlə bağlı dəfərlərlə komitənin rəhbərliyinə müraciət edib. Eyni zamanda, 4 uşaq atasıdır. Onun işdən çıxarılmasının təxirə salınması da elə məhz bu kimi səbəblərdən, eləcə də humanistlik nöqteyi-nəzərindən gecikdirilirdi. İş prosesində yol verdiyi sonuncu qeyd edilən pozuntuları və nöqsanları da fəaliyyətinin dayandırılmasına əsas olub.

Qeyd etməliyik ki, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. 

Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. 

Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır.

Digər məqam isə ondan ibarətdir ki, 5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün dövlət komitəsi rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Məsələnin öz həllini tapması üçün araşdırmaların nəticəsi gözlənilir. 

Təəccübedici məqamdır ki, bizim müraciətdən sonra həmin vətəndaş vəkili ilə birgə hüquq-mühafizə orqanları ilə əlaqədən qaçır. Hesab edirik ki, Vəkillər Kollegiyası və müvafiq təşkilatlar bu şəxsin vəkillik etikasına və vəkillik fəaliyyətindəki peşəkarlıq meyarlarına diqqət yetirəcəklər. Çünki bu, vəkillik etikasının pozulmasının və qeyri-peşəkar fəaliyyətin bariz nümunəsidir. 

Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Bir daha nəzərinizə çatdırırıq ki, hazırda araşdırmalar davam edir. Biz əminliklə bildiririk ki, komitə və onun sədrinin ünvanına deyilən ittihamlar bir böhtandır, Səfər İmanovla həmin şəxsin arasında olan məsələlər isə istintaqdan sonra bəlli olacaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtandır.

İcra başçısının müavini təyin edilməklə bağlı Hicran Hüseynovanın əlaqəsinin olması haqqında mətbuatda yer alan məlumatlar dövlət komitəsi tərəfindən şər və böhtan kimi qiymətləndirilir. Bu məqamda ulu öndər Heydər Əliyevin 2000-ci il mart ayında imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi üzrə” fərmanını yada salmaq istərdik. 

Bu sənəd respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələsi üzrə məsul şəxslər təyin olunmuşlar. Bu fərman artıq bir sıra bölgələrdə həyata keçirilib. Ulu öndərin siyasətinə əsasən, qadın icra hakimi müavinlərinin sayı artaraq 85 nəfərə çatıb”, - deyə məlumatda qeyd edilib.