» » » Azərbaycanda rabitə axtarışının yeni – QAYDALARI

Azərbaycanda rabitə axtarışının yeni – QAYDALARI

Azərbaycanda rabitə axtarışının yeni – QAYDALARI

Dəyişiklik edilib.

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman verib.

ucarliyiq.biz AZƏRTAC-a istinadən bildirir ki, dəyişiklik "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 639 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinə rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi sahəsində səlahiyyət verilməsi ilə əlaqədardır.
 
Başqa sözlə, keçən ilin oktyabrına qədər rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtləri müəyyənləşdirilməsini və bu tədbirlərin keçirilməsini təmin edən avadanlıqların istismarını Milli Təhlükəsizlik Nazirliyi həyata keçirib. 

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri isə Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilib. Dövlət başçısının 2015-ci il 2 oktyabr tarixli fərmanı ilə isə bu sahədə səlahiyyət bölgüsü yenidən aparılıb. 

Fərmanda qeyd edilib ki, rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) tərəfindən həyata keçiriləcək. 

Rabitə şəbəkələrində aparılan əməliyyat-axtarış tədbirləri üzrə Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin rabitə şəbəkələrinə qoşulması Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən "Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçiriləcək. 

XDMX-nin bu sahədə səlahiyyətinin müvafiq prosedur əsasında həyata keçirlməsi üçün də qurumun Əsasnaməsinə zəruri dəyişiklik edilib.
 
Xatırladaq ki,  2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb və Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətləri bu qurumlar arasında bölüşdürülüb.