» » » 22 yaşlı Səmayə: Dayım dedi ki, onsuz da küçələrdə qalassan, gəl mən...

22 yaşlı Səmayə: Dayım dedi ki, onsuz da küçələrdə qalassan, gəl mən...

22 yaşlı Səmayə: Dayım dedi ki, onsuz da küçələrdə qalassan, gəl mən...

“Məni dayımın qaynı ilə nişanladılar”.

...Babam anamı Türkmənistanda yaşlı bir kişiyə satıb. Atam əyyaş imiş, hər gün içirmiş. Mən də anamın taleyini yaşayıram. Küçəyə atılan gün tanışlarımızdan biri Türkmənistanda yaşlı kişiyə ərə getməyimi təklif etdi. Deyirlər ki, türkmənlər azərbaycanlı qadılnları ikinci, üçüncü arvad kimi alırlar. Amma anamdan fərqli olaraq mən öz oğlumu tərk etmərəm.

- Anan, atan sənə sahib çıxmadı. Bəs qohumların?

- İllər sonra dayım ilə rastlaşdım, o da mənə təcavüz etməyə çalışdı...

ucarliyiq.biz Virtualaz.org-a istinadən  xəbər verir ki, 1993-cü il təvəllüdlü Səmayə Məmmədova 3 yaşlı oğlu Ömərlə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. Onun həyat hekayəsi fərqlidir. Həyat yoldaşı tərəfindən döyülür, təhqir edilir. Amma onu bağışlamağa, yenidən birlikdə yaşamağa razıdır. Səbəbini belə izah edir.

- Anam bizi atama vermək istəyib. Atam isə yalnız qardaşıma sahib çıxıb. Məni qız olduğuma görə istəməyib. Atamın bir neçə yerdə evi, maşını, bisnesi var.

- Bəs səni kim böyüdüb?

- Məni atamın xalası böyüdüb. Öz övladlarından ayırmayıb. Amma oğlanları məktəbə getməyimə razı olmurdu. Adım məktəbdə qeydiyyatda olub, amma dərsə getmirdim. 16 yaşım olanda qohumlardan biri dedi ki, əsl ailən bunlar deyil. Sənin Bakıda atan, dayın, xalaların var. Mən də Bakıya gəldim.

- Atanla görüşdün?

- Atam mən ailə qurandan sonra bizə gəldi. Dedi ki, səni evə aparmaq istəyirəm. Sizinlə yaxından tanış olum, nəvəmlə vaxt keçirim. Mən də onunla Şirvandakı evinə getdim. Bir neçə gündən sonra mənə sənədləri imzalamağı tapşırdı. Dedi ki, bunlar vacib sənədlərdir, sənin xeyrin üçündür. Sənədləri imzalayandan sonra kirayə yaşadığım evə qayıtdım. Məlum oldu ki, gələcəkdə mülklə bağlı iddiam olmaması üçün atam məni qeydiyyatdan çıxarıb. Yəni mənimlə görüşməsi də buna görə imiş. Qardaşım isə mənimlə maraqlanmır, hətta bir dəfə belə görüşməyə cəhd etməyib.

- Xalaların, dayın səni necə qarşıladı?

- Dayımgilə gedəndə 16 yaşım tamam olmamışdı. Bir neçə gün onlarda qaldım, xalalarımla görüşdüm. Sonra dayım mənə təcavüz etmək istədi. Deyirdi ki, balaca uşaqsan, küçələrə düşməyə məcbur olacaqsan, heç kim sənə sahib çıxmayacaq. Ondan birtəhər yaxa qurtardım. Sonradan bu hadisədən dayımın qaynanası, qaynı xəbər tutdu. Məni dayımın qaynı ilə nişanladılar.

- Sən dayının qaynına ərə getmisən? Bəs niyə geri, səni böyüdən ailənin yanına qayıtmadın?

- Dayımın hərəkətlərindən sonra çox qorxdum. İndiki həyat yoldaşım mənə sahib çıxacağını dedi. Anası başıma yaylıq saldı. Sonra biz evləndik.

- Toy oldu? Nikah bağladız?

- Yox. Qaynanam məni böyüdən qadınla - anamla danışdı. Biz də kirayə tutduğu evə getdik. 16 yaşım tamam olmamışdı, nikah bağlamadıq. Heç indiyə qədər də nikahımız yoxdur. Uşağa da doğum haqqında şəhadətnamə ala bilməmişik.

- Bəs indi niyə sığınacaqdasan?

- Bizim evimiz yoxdur, onun böyüdüyü evdə isə qardaşı, bir də dayımgil qalır. Buna görə də, onlarla yaşamaq mümkün deyil. Ayda 60 manata olan evdə kirayədə yaşayırdıq. Amma 4 aydır kirayə pulunu verə bilmirdik. Uşaq xəstələnmişdi, dərman almağa pul yox idi. Mən də dedim ki, işlə, uşağı həkimə aparmağa pul lazımdır. Məni döydü, sonra da evi tərk etdi. Evin sahibi də bundan istəfadə elədi. Əşyalarımız, paltarlar da evdə qaldı. Bizi küçəyə atdı. Uşağın ayaqqabısı, geyimi də yox idi.

Ömər ayaqqabısız, nazik paltarda, nə edəcəyimi bilmirdim. Qohumların ilk təklifi isə Türkmənistana ərə getməyimlə bağlı məsləhət oldu. Amma razılaşmadım, qonşulardan birinin məsləhəti ilə Mehriban Zeynalovanın yanına gəldim. O, mənə sahib çıxdı. Yoldaşımla danışdı, yenidən kirayə ev tutacaq, bizə sahib çıxacaq. O, mənə, balasına sahib çıxsın ki, küçələrdə qalmayaq...

“Mən taleyimi özüm yazacam”. Onunla ayrılanda arxamızca səslənir.