» » » İTV-nin əməkdaşının müəmmalı ölümü

İTV-nin əməkdaşının müəmmalı ölümü

İTV-nin əməkdaşının müəmmalı ölümü

“Ailəsində problemləri var idi”.

Ötən gün İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb. Onun cəsədi “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

Cəsədə baxış zamanı onun üzərində hər hansı zorakılıq izi aşkar edilməyib. Ehtimal edilir ki, Rəşad Əliyev intihar məqsədi ilə özünü dənizə atıb.

ucarliyiq.biz xəbər verir ki, qohumları AzVision.az-a açıqlamasında Rəşad Əliyevin intihar etmədiyini deyiblər. Onların sözlərinə görə, Rəşd Əliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş. Güman olunur ki, onun təzyiqi yüksəlib və başı gicəllənərək dənizə yıxılıb.

“Rəşad intihar etməyib. Ola bilsin ki, onun halı pisləşərək dənizə yıxılıb. İnsanın intihar etməsi üçün ciddi problemi olmalıdır. Rəşadın normal ailəsi var, maddi durumu da pis olmayıb. Bu baxımdan intihar versiyasını qəbul etmirik. Hər halda araşdırma başa çatandan sonra hadisənin əsl səbəbi məlum olacaq”,-deyə mərhumun yaxınları bildirib.

Dostları isə R,.Əliyevin ailəsində problemi olduğunu etiraf ediblər: 

“Ailəsində problemləri var idi. Bəzən Rəşad işə də getmirdi. Biz əlimizdən gələn köməkliyi edirik ki, problemlərini həll etsin. Rəşad psixoloji gərginlik keçirirdi. Yəqin ki, problemlərdən xilas olmaq üçün özünü dənizə atıb”.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.