» » » AZƏRTAC-ın 96 yaşı tamam olur

AZƏRTAC-ın 96 yaşı tamam olur

AZƏRTAC-ın 96 yaşı tamam olur

Agentlik mürəkkəb və şərəfli yol keçib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranma günüdür. “Report”un xəbərininə görə, dövlət informasiya agentliyinin 96 yaşı tamam olur.

AZƏRTAC-ın təşkili bir ilə başa gəldi

1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin – Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olundu.

İclasda Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə məruzəsi dinlənildi, agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı.

Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edildi. 1919-cu ilin ikinci yarısında AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsini hazırlandı.

AZƏRTAC müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi

1920-ci il fevralın 2-də agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olundu. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AZƏRTAC-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırdılar.

Nəhayət, 1920-ci il martın 1-də AXC hökuməti tərəfindən əsası qoyulan ilk milli xəbər agentliyi fəaliyyətə başladı. Martın 2-də “Azərbaycan” qəzetində “AZƏRTAC” imzası ilə ilk xəbərlər dərc olundu. Lakin həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi.

AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi

Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AZƏRTAC formal olaraq müstəqilliyini qoruyub saxlasa da, əslində Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi. 1920-ci il iyunun 9-da Nəriman Nərimanovun Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasının yaradılması haqqında imzaladığı dekretlə agentlik AzQafRosta adı ilə kollegiyaya daxil edildi. Agentlikdə informasiya işinin qurulmasında kollegiyanın sədri tanınmış jurnalist Ağababa Yusifzadənin böyük rolu olub.

AzQafRosta Bakının indiki Tərlan Əliyarbəyov küçəsindəki keçmiş bank binasında fəaliyyət göstərirdi. 1921-ci ildə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu və iyunun 14-də Azərbaycan musiqi mədəniyyəti tarixinin məşhur araşdırıcılarından biri kimi tanınan Qubad Qasımov agentliyin direktoru təyin edildi.

1921-ci ilin avqustunda AZƏRTAC-ın adı dəyişdirilərək AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ-nin təşkilindən sonra AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1932-ci ildə agentlikdə xaricdən alınmış “Kleynşmidt” markalı ilk teletayp quraşdırıldı. 

1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.

AZƏRTAC-ın dirçəlişi 1969-cu ildən başladı

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində dirçəliş başlandı. O vaxt Azərinform adlanan milli xəbər agentliyi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompyuterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti kimi İttifaq respublikaları arasında Ukrinformdan sonra Azərinformu o dövrün müasir “Videoton”, bir qədər sonra isə “Olivetti” markalı kompyuterləri ilə təchiz etdi.

Beləliklə, 96 illik fəaliyyəti dövründə AZƏRTAC-ın adı 8 dəfə dəyişdirilib. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı qaytarıldı - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başladı. Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırıldı.

AZƏRTAC 7 dildə informasiya və 5 dildə videoxəbər yayır

Bu gün AZƏRTAC ölkə həyatının bütün sahələrinə dair hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 10 minədək xəbər, 50 mindən çox foto, 1300-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir.

Qlobal informasiya məkanında özünəməxsus yer və mövqe tutan AZƏRTAC üç beynəlxalq media qurumunun – OANA, EANA və Dünya Xəbər Agentlikləri Konqresinin, həmçinin dörd regional xəbər alyansının – ANİA, BSANNA, TKA və İİNA-nın fəal üzvüdür. 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib və hazırda TKA-da eyni missiyanı həyata keçirir.
Baş direktoru OANA-nın vitse-prezidenti və Dünya Xəbər Agentlikləri Konqresinin Büro üzvü olan AZƏRTAC 2016-2019-cu illərdə bu qurumlara sədrlik etmək hüququ qazanıb.

AZƏRTAC 40-dək ölkənin informasiya agentlikləri ilə əməkdaşlıq edir

AZƏRTAC 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Onun 21 ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri var.

Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.

Hazırkı media bumu və sosial şəbəkələrlə rəqabət şəraitində AZƏRTAC informasiya məkanında yerini qoruyub saxlamaq və möhkəmləndirmək üçün müasir dövrün çağırışlarına çevik reaksiya verməyə, xəbər texnologiyasının ən yeni metodlarına yiyələnməyə çalışır. Onun yaradıcı və texniki potensialı bu vəzifənin öhdəsindən gəlməyə imkan verən səviyyədir.

ucarliyiq.biz İnformasiya Agentliyinin kollektivi Azərbaycanın ilk informasiya agentliyində çalışan həmkarlarını, habelə agentliyin rəhbərliyini təbrik edir, onlara möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayır