» » » İTV-nin regional büroları bağlanır?

İTV-nin regional büroları bağlanır?

İTV-nin regional büroları bağlanır?

İşçilər təcili Bakıya çağırılıb.

İctimai Televiziyanın (İTV) regional bürolarının bağlanması ehtimalı var. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Gün.Az-a məlumat verən mənbənin sözlərinə görə, artıq iki həftədən çoxdur ki, bölgə xəbərlərini yayan “Carçı region” efirə verilmir.

Youtube kanalında son veriliş fevralın 12-də yerləşdirilib.

Eyni zamanda fevralın 13-də regional büroların əməkdaşlarının avadanlıqları texniki baxış adı ilə yığılıb, bu günə kimi qaytarılmayıb.

İTV-nin regional bürosunun əməkdaşlarından biri texniki avadanlıqların inventarizasiya məqsədilə yığıldığını, amma geri qaytarılmadığını təsdiqləyib:

“Adətən avadanlıqlara texniki baxış bir neçə gün çəkirdi və sonradan geri qaytarılırdı. Amma bu dəfə iki həftədən çoxdur ki, avadanlıqsız qalmışıq. Bizə konkret heç nə deyilməyib. Hazırda fəaliyyətimizi dayandırmışıq”.

Saytın məlumatına görə, bu gün kanalın regionda çalışan bütün əməkdaşları Bakıya iclasa çağırılıblar. Yekun qərar həmin iclasda veriləcək.

Onu da qeyd edək ki, bu günlərdə AzTV-də “Region xəbərləri” fəaliyyətə başlayıb və bu proqram saat 20:00-da yayımlanan əsas xəbər buraxılışdan əvvəl efirə verilir.

Proqramda gün ərzində Azərbaycanın regionlarında baş vermiş hadisələr işıqlandırılır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: 

“Heç bir ixtisardan və bağlanmadan söhbət gedə bilməz. Hamı öz işinin başında fəaliyyətdədir.

Sadəcə olaraq ildə bir dəfə bölgələrə verilən texniki avadanlıqların yoxlanılması və yenilənməsi məqsədi ilə mərkəzi ofisə gətirilməsini təmin edirik”.