» » » Deputat: Polis haqsız da olsa, göstərişinə əməl etmək lazımdır - VİDEO

Deputat: Polis haqsız da olsa, göstərişinə əməl etmək lazımdır - VİDEO

Deputat: Polis haqsız da olsa, göstərişinə əməl etmək lazımdır - VİDEO

“İnsanlar sanki bir az emosional olublar”.

Son günlər yol polisi-sürücü münasibətləri ən çox müzakirə olunan məsələlərdən biridir. Bu xidmətin əməkdaşlarından söhbət düşəndə, adətən, onların sürücülərə qarşı kobud davranışı gündəmə gəlir. Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında gərgin anlar yaşanması və hadisəni əks etdirən görüntülərin yayılması məsələnin aktuallığını bir daha artırıb.

ucarliyiq.biz xəbər verir ki, bunu APA TV-yə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
 
Onun sözlərinə görə, son günlər cəmiyyətdə hökm sürən emosionallıq bu münasibətlərin daha çox gərginləşməsinə səbəb olur: 

“İnsanlar sanki bir az emosional olublar. Bu da nəinki bizdə, həmçinin dünyada baş verən sosial-iqtisadi problemlərlə daha çox bağlıdır. Amma son günlər sosial şəbəkələrdə daha çox yer alan yol polisi ilə vətəndaşlar arasında yaşanan gərginliklərin daha çox müzakirə olunması bir daha göstərir ki, bu problemlər ciddi araşdırılmalıdır. Polis haqlı oldu və ya olmadı, onun göstərişinə əməl etmək lazımdır və ondan sonra şikayət etmək lazımdır. 

Yəni polis ”saxla!” deyirsə, saxlamaq lazımdır, sənəd tələb edirsə, bunu verməkdən imtina etmək olmaz. Amma polis bunu haqsız tələb edirsə, onun tələblərinə əməl etdikdən sonra 102 xidmətinə müraciət edib şikayət etmək hüququ vətəndaşın özünə aiddir. Bəzən vətəndaşlar polisin qanunsuz hərəkətinə qanunsuz cavab verirlər. Bu halda isə münasibətlər daha da gərginləşir”.
 
Millət vəkilinin fikrincə, Dövlət Yol Polisinin əməkdaşları bəzən elə davranış sərgiləyirlər ki, o da birmənalı olaraq müsbət dəyərləndirilmir: 

“Məsələn, polisin qadın sürücün pəncərəsindən içəri girməsi və yaxud kobud davranışına hüquqi qiymət verilməlidir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Daxili İşlər Nazirliyi ilə mütəmadi əlaqədədir. Hər il onlarla, bəlkə də 30-50 nəfər arası əməkdaş polisə yaraşmayan hərəkətlərinə görə polis orqanlarından xaric olunur”.
 
Çingiz Qənizadə qeyd edib ki, son zamanlar yolların hərəkət intensivliyi xeyli dərəcədə yüksəlib. Bu da yol hərəkəti iştirakçılarından daha yüksək intizam, yol hərəkətinə nəzarət edən Dövlət Yol Polisi əməkdaşlarından isə daha yüksək peşəkarlıq tələb edir.
 
Millət vəkili bildirib ki, həm yol-patrul, həm də post-patrul xidmətində olan polisin vətəndaşla davranışını “Post Patrul Nizamnaməsi” müəyyənləşdirir. Yol polislərinin vəzifə başında olarkən qanun pozuntusuna yol verdiyi halda, bunun video və ya foto çəkilişinin aparılmasına gəlincə, Çingiz Qənizadə qanunvericilikdə icazənin olub-olmadığına da aydınlıq gətirdi: 

“Konstitusiyanın şəxsi toxunulmazlıq adlı 32-ci maddəsinə əsasən vətəndaşın icazəsi olmadan onun şəklini və ya videosunu çəkmək olmaz. Ancaq polis xidmətdədir, bu da ictimai xidmət sayılır”.