» » » Leyla Yunus: İlham Əliyevə minnətdaram

Leyla Yunus: İlham Əliyevə minnətdaram

Leyla Yunus: İlham Əliyevə minnətdaram

“Bizi həbsdən buraxmasaydılar, ən azı, birimiz indi sağ olmayacaqdıq”.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumatına görə, prosesdə çıxış edən vəkil Elçin Sadıqov bildirib ki, Leyla və Arif Yunuslar bir neçə xəstəlikdən əziyyət çəkirlər, onların müalicəsi yalnız Berlindəki xəstəxanada mümkündür. 

E. Sadıqov Berlindəki səfirlik və konsulluğun müşayiəti altında xəstəxanaya getməyə razı olduqlarını da deyib.
 
Daha sonra Arif Yunus məhkəmədə çıxış edib. O, başının arxasında şiş olduğunu, lakin Azərbaycandakı həkimlərin bunun nədən yarandığını müəyyən edə bilmədiklərini deyib.

“Cərrahiyyə əməliyyatı olunmaq üçün Berlinə getməliyik”, - deyə o bildirib. 

Leyla Yunus isə çıxışında özünün və həyat yoldaşının həyatının təhlükə qarşısında olduğunu bildirib. 

“Bizi həbsdən buraxmasaydılar, ən azı, birimiz indi sağ olmayacaqdıq. Mən prezident İlham Əliyevə minnətdaram ki, bizi azadlığa buraxıb. Biz ölmədik, amma müalicə də olunmamışıq. İstənilən vaxt ölə bilərik. Biz hələ yanvardan təcili müalicəyə başlamalı idik”, - deyə L.Yunus bildirib.

Məhkəmə şikayəti təmin etməyib.

Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə onların müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.