» » » Orxan Fikrətoğlu mükafat aldı

Orxan Fikrətoğlu mükafat aldı

Orxan Fikrətoğlu mükafat aldı

“Onun təqdimatları hər zaman düşündürüb”.

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyəti üzvlərinin tanınmış yazıçı, jurnalist-publisist Orxan Fikrətoğlu ilə görüşü keçirilib.

Şuradan ucarliyiq.biz-ə verilən xəbərə görə, toplantıda çıxış edən MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov 50 illik yubileyini qeyd edən O.Fikrətoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttindən söz açıb. 

“Biz Orxan Fikrətoğlunu həm də istedadlı ssenarist və rejissor kimi də tanıyırıq. O, kino işinin müasir dövrdəki ən yaxşı bilicilərindəndir. Ancaq hesab edirəm ki, digər fəaliyyət istiqamətləri çıxış nöqtəsini məhz jurnalistikadan və publisistikadan götürüb. Onun təqdimatları hər zaman düşündürüb. Düşündürdükcə də insanlar əsl həqiqətlərin nədən ibarət olduğunu daha yaxından dərk etmək imkanı qazanıblar”,-deyə Ə.Amaşov vurğulayıb.

Görüşdə O.Fikrətoğluya Azərbaycan Mətbuat Şurasının “Həqiqətə xidmətə görə” mükafatı da təqdim olunub.

Qeyd edək ki, Orxan Fikrətoğlu (Orxan Sadıqov) 1966-cı ildə Bakıda anadan olub. 1991-ci ildə Moskvada Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Müxtəlif illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub.

Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanılında veriliş aparıcısıdır. Yeddi bədii nəsr kitabının, üç publisitik kitabın müəllifidir.

50 yaşlı O.Fikrətoğlunun dövrü mətbuatda yüzlərlə hekayəsi, povesti və publisistik yazıları işıq üzü görüb. Onlarla bədii filmin ssenari müəllifi olan yubilyarın əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox başqa ölkələrdə çap olunub.

Onun “Yeddi” romanı Almaniyada mükafata layiq görülüb, hekayələri Oksford Universitetinin dərsliklərinə salınıb, “Dünya Nəsr Antalogiyası”na düşüb. Bir sıra respublika mükafatlarının laureatı adını qazanmış O.Fikrətoğlunun “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib.