» » » Həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq

Həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq

Həlak olmuş neftçilərin xatirəsinə abidə qoyulacaq

Rövnəq Abdullayev itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb.

ucarliyiq.biz SOCAR-a istinadən xəbər verir ki, əvvəlcə, həlak olan və itkin düşən neftçilər anılıb. SOCAR-ın prezidenti Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edib, qəzadan dərhal sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını bildirib, ötən müddət ərzində Komissiyanın rəhbərliyi altında görülmüş tədbirlərdən danışıb, həlak olan və itkin düşən neftçilərin axtarış işlərinin fasilə verilmədən aparıldığını söyləyib, son cəsədlərin tapıldığı Türkmənistan Respublikası ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Bu hadisənin SOCAR ailəsinə daxil olan çoxminli neftçiləri dərindən sarsıtdığını söyləyən şirkət prezidenti həlak olan və itkin düşənlərin bütün neftçilər tərəfindən bir an da olsun unudulmadığını vurğulayıb, onların ailə üzvlərinə qayğı göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib, bu görüşün də onların qayğı və problemləri ilə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

SOCAR-ın prezidenti görüşdə, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib, ölənlərə Allahdan rəhmət, itkin düşənlərin ailə üzvlərinə səbr diləyib.