» » » Deputat Azərbaycanın himnini bəyənmir: Mərsiyə kimi yazılıb

Deputat Azərbaycanın himnini bəyənmir: Mərsiyə kimi yazılıb

Deputat Azərbaycanın himnini bəyənmir: Mərsiyə kimi yazılıb

“Bu da ifa zamanı müəyyən çətinliklər yaradır”.

Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin Azərbaycan himni barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

ucarliyiq.biz-ın məlumatına görə, millət vəkili mətbuata açıqlamasında bəstəkar Üzeyir Hacıbəyovun himni mərsiyə kimi yazdığını söyləyib:

”Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himnimiz minordur. Bütün dünyada himnlər majordadır.

Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.

Millət vəkili Fazil Mustafa da bu mövzuda gedən müzakirərlə sosial şəbəkələrdə qoşulub və polemikanı uzatmağın mənasız olduğunu bildirib:

“Azərbaycanın Dövlət Himni milli və tarixi dəyərimizdir və onu qətiyyən aşağılamaq, gözdən salmaq olmaz.

Çünki hansısa tarixi abidəni də nöqsanlarına baxmadan, dəyişmədən bərpa etməyə daha çox üstünlük verilir. Ancaq himnimizi təhlil etmək, başqa himnlərlə müqayisə etmək olar. 

Bunu dəfələrlə yazdığıma görə bildirirəm ki, bu himnin həm musiqisində, həm ifa vaxtında, həm də sözlərində müəyyən nöqsanlar var.

Bu da ifa zamanı müəyyən çətinliklər yaradır. Xüsusilə sonluğunda dörd dəfə Azərbaycan sözünün səslənişində bu ahəngi qorumaq asan olmur. Himni musiqisiz oxuyarkən kollektiv ahəngi qorumaq xeyli çətin olur.

Vaxt baxımından da ən azı bir dəqiqə artıq səslənir. Sözlərində də lüzumsuz təkrarlar var. Minor və ya major olması elə də əhəmiyyət daşımır, ideyası və peşəkar mətn və musiqinin vaxt standartına uyğunlaşdırılması zəruridir.

Subyektiv mövqeyim budur ki, Güney Azərbaycan muxtariyyətinin (1945-1946) himni digər himnlərimizdən daha cəlbedicidir. 

Bununla belə indiki durumda himn məsələsinin gündəmə gətirilməsi aktual deyil. Qəbul olunduğu kimi də insanlar tərəfindən mənimsənilibsə, bu mövzuda geniş polemika açmağa zərurət görmürəm”.