» » » Ali məktəblərə ərizə qəbulu başladı

Ali məktəblərə ərizə qəbulu başladı

Ali məktəblərə ərizə qəbulu başladı

SQK-lar hər gün saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Bu gündən 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayıb. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən ucarliyiq.biz-a verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (I-IV qruplar üzrə eservices.tqdk.gov.az/erizebak/qrup1_4, V qrup və tam orta təhsil bazasında orta ixtisas təh­si­li mü­əssisələri üzrə eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dol­dururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar. 

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu  mayın 3-dən 17-dək aparılır.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər. 

“Abituriyentin elektron ərizəsi” forması doldurduqdan sonra ərizələrinin təsdiqini təmin etməlidirlər. Ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər, ümumi təhsil müəssisələrini 2011/2012-ci, 2012/2013-cü, 2013/2014-cü və 2014/2015-ci tədris illərində bitirən qız abituriyentlər, ilk peşə-ixtisas təhsili müəssisələrini 2012/2013-cü və ondan sonrakı tədris illərində bitirən qız abituriyentlər, 2011/2012-ci və ondan sonrakı tədris illərində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər və I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə də ərizə verən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. 

I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə verən abituriyentlər aprelin 6-dan 28-dək, V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən abituriyentlər isə mayın 3-dən 17-dək ərizələrinin təsdiqini təmin edirlər. 

SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər yuxarıda göstərilən müd­dət­də və qay­dada elektron ərizələrinin təsdiqini təmin et­dikdən sonra I ixtisas qrupunun xüsusi qabiliyyət tə­ləb edən ixtisasları üzrə aprelin 15-dən 30-dək, V ix­tisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 6-dan 19-dək, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək eservices.tqdk.gov.az/erizebak/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

Qey­diy­yatdan keçmiş abitu­ri­yentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin məzunları üçün buraxılış) imta­hanında iştirak edirlər və bu imtahanda top­la­dıq­ları balları müvafiq müsabiqə şərtlərini ödə­yənlər qabi­liyyət imtahan­larına buraxılırlar.

Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində keçirilir. Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər.

Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçirilir.