» » » Nazir cəbhədəki gərginliklə bağlı telefon danışıqları apardı

Nazir cəbhədəki gərginliklə bağlı telefon danışıqları apardı

Nazir cəbhədəki gərginliklə bağlı telefon danışıqları apardı

XİN məlumat yaydı.

Cəbhədə yaranmış son gərginliklə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri və hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri Frənk Valter Ştanmayer və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.

XİN-nin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, Elmar Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar həmkarına məlumat verib.

O bildirib ki, mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca ağır atəş vasitələrindən istifadə etməklə Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqeləri intensiv atəşə tutulub.

Mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşını almaq üçün Azərbaycan silahlı qüvvələrinin zəruri cavab tədbirləri gördüyünü deyən nazir Ermənistan tərəfindən atəşkəsin pozulmasının davam etdirildiyini qeyd edib.

O əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.

Elmar Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazirin digər həmkarları ilə də təmasları nəzərdə tutulub.