» » » Səfərbərlik olacaqmı?

Səfərbərlik olacaqmı?

Səfərbərlik olacaqmı?

“Hadisələrin inkişafına uyğun olaraq addımlar atılmalıdır”.

Qarabağ cəbhəsində döyüşlərin getməsi, Azərbaycan ordusunun irəliləməsi Ermənistanı təşvişə salıb. Bu səbəbdən də artıq iki gündür işğalçı ölkədə faktiki olaraq hərbi səfərbərlik elan edilib. Ehtiyatda olan hərbi qulluqçularla yanaşı, könüllülərin də yığıldığı barədə informasiyalar yayılıb.

Bəs Azərbaycanın da hərbi səfərbərlik etməsinə zərurət varmı?

ucarliyiq.biz xəbər verir ki, hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanın səfərbərlik resursları hər zaman hazırdır. 

Prezidentin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında da yəqin ki, bu məsələlər müzakirə olunub: 

“Hadisələrin inkişafına uyğun olaraq addımlar atılmalıdır. Ehtiyac olduğu zaman, əlbəttə ki, səfərbərlik də olmalıdır və olacaq. Bu gün isə ordunun şəxsi heyəti o səviyyədədir ki, məncə, səfərbərlik zərurəti yoxdur”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, cəbhədə vəziyyət gərginləşəndən sonra Müdafiə Nazirliyinin paytaxtdakı və bölgələrdəki şöbələrinə yüzlərlə müraciət daxil olub.

Keçmiş döyüşçülər, o cümlədən ehtiyatda olan əsgərlər könüllü şəkildə cəbhəyə yollanıb döyüşmək istədiklərini bildiriblər. V.Dərgahlı qeyd edib ki, Azərbaycanda könüllü dəstələri yoxdur və insanlar yalnız çağırışla orduya gedə bilər: 

“Ehtiyac olduğu zaman biz onları hərbi xidmətə çağıracağıq. Könüllü surətdə döyüşmək üçün nazirliyimizə müraciət edən vətəndaşlara dövlətimiz adından minnətdarlığımızı bildiririk. Azərbaycan Silahlı Qüvvələri hazırda cəbhənin bütün istiqamətlərində nəzarəti tam həyata keçirir və düşmənə layiqincə cavab verir. Ona görə də hazırda səfərbərlik və könüllü döyüşçü qəbuluna ehtiyac yoxdur”.

Onu da qeyd edək ki, Vaqif Dərgahlının insanların könüllü döyüşə getmək üçün müraciət etdiyi barədə dediklərini döyüşlərin getdiyi Tərtər rayonundan gələn xəbərlər də təsdiqləyir. Rayon icra hakimiyyəti başçısının sakinlərlə iki gün əvvəl keçirdiyi görüşdə kişilərlə yanaşı, çoxlu sayda qadınlar da düşmənlə döyüşə hazır olduğunu bəyan ediblər.

Qadınlar icra başçısı Müstəqim Məmmədova silahla təmin olunmaları üçün müraciət eləyiblər. İcra başçısı torpaqlarımızı müdafiə edən güclü peşəkar ordumuzun olduğunu deyib, qadınları döyüşə göndərməyə ehtiyac olmadığını bildirib. Bu barədə rayon sakinləri əməkdaşımıza məlumat veriblər.