» » » Müdafiə Nazirliyi: Ordu düşmənin hərbi obyektlərini hədəfdə saxlayır

Müdafiə Nazirliyi: Ordu düşmənin hərbi obyektlərini hədəfdə saxlayır

Müdafiə Nazirliyi: Ordu düşmənin hərbi obyektlərini hədəfdə saxlayır

“Bəlkə Ohanyan kimyəvi silahları nəzərdə tutur?”.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki son hadisələrlə bağlı gecikmiş təhliləbənzər etirafı məğlubiyyətə uğramış “sərkərdənin” özünü təmizə çıxarmaq istiqamətində növbəti uğursuz addımıdır.

S.Ohanyanın açıqlamaları real hadisələri və vəziyyəti əks etdirməyərək, hələ keçən əsrdə hazırlanmış döyüş nizamnamələrindən köçürülmüş şablon cümlələrdən ibarətdir.

Bu barədə ucarliyiq.biz - in sorğusuna cavab olaraq, Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

“Əgər ermənilər döyüş ehtiyatlarından istifadə etmədiklərini, tankçılarının “məharət və şücaətlə” döyüşdüklərini iddia edirlərsə, bəs müdafiənin dərinliyindən köməyə cəlb edilərək kolonlarla hərəkət edən ermənilərin 30-dək döyüş tankının və onlarla artilleriya qurğusunun məhv edilməsinin etirafını sadalamağı niyə unudur.

Bir neçə gün bundan əvvəl erməni tərəfi iddia edirdi ki, Azərbaycan dörd hərbi birləşmənin iştirakı ilə irimiqyaslı hücuma keçib. İndi isə S.Ohanyan bu məsələni unudaraq döyüşlərin taqım səviyyəsində aparılmasını öz xalqına sırımağa çalışır.

S.Ohanyanın guya erməni ordusunun arsenalında olan hansısa daha güclü silahlar barədə absurd fikirləri isə heç bir məntiqə sığmır. Sual olunur əgər bu silahlar mövcuddursa, həmin silahların tətbiq edilməsinə kim ona mane olurdu? Biz əminik ki, əgər belə bir silah olsaydı, heç şübhəsiz, erməni işğalçıları onu tətbiq edərdi.

Bəlkə S.Ohanyan hələ keçmiş sovetlər dövründən Ermənistan ərazisindəki hərbi bazalarda qalan və yaxud “erməni ustaların” əldəqayırma üsulla hazırladıqları kimyəvi silahları nəzərdə tutur? Belə olan halda düşmən unutmasın ki, əgər təxribat törədərək bu silahdan istifadə edərsə, yaxud atəşkəsi təkrar pozarsa, mülkü əhalinin təhlükəsizliyinə təhdid edərsə, o halda veriləcək cavabımız daha dəqiq, daha qətiyyətli və sərt olacaqdır.

Digər bir məsələ, Ohanyanın iddiasına görə onlarda böyük səfərbərlik ehtiyatlarının, könüllülərin və güclü döyüşkən ordunun olmasıdır ki, bu da elə ilk gündən iflasa uğradı.

Aclıqdan, səfalətdən, heç bir təminatı olmayan, hətta pensiya belə almayan “bir qarın yemək xətrinə toplaşan könüllülərin”, mülkü əhalinin qətlində əli qana bulaşmış səfil cəlladların və zorla səngərlərə yerləşdirilən qocaların da sayını nəzərə alsalar, bəlkə onda Ermənistanın səfərbərlik ehtiyatları olduğunu iddia edə bilərlər.

Ohanyanın Ermənistan ordusunu Silahlı Qüvvələrimzlə müqayisə etməsi də onun xülyası və yerinə yetməsi mümkün olmayan arzusudur. Azərbaycan ordusunun hərbi qüdrəti, silahının gücü artıq reallıqdır, danılmaz faktdır və son hadisələr buna əyani sübutdur.

 O ki, qaldı Ohanyanın cəbhə xəttindəki mövqelər barədə iddialarına, erməni tərəfinin təxribatları səbəbindən baş verən döyüş əməliyyatları zamanı bölmələrimizin qarşısına qoyulan tapşırıq cəbhə boyu zonada yerləşən əhalinin təhlükəsizliyini təmin etmək idi. Həmin yaşayış məntəqələri ətrafındakı vacib yüksəklikləri nəzarətə götürən ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirdi.

Erməni hərbi birləşmələrinin yüksək səviyyədə idarə olunması və kəşfiyyatının təşkili barədə iddialar da gülüncdür.

Onların tərif etdikləri idarəetmə sistemi elə ilk gündən nə dərəcədə primitiv vəziyyətdə olduğunun, ordunun isə Azərbaycan hərbi bölmələrinin elə ilk zərbələrindən iflic vəziyyətə düşdüyünün sahidi olduq.

Hərbi əməliyyatlar göstərdi ki, erməni silahlı birləsmələrinin təminatı, təhcizatı, əlavə qüvvələrin cəlb edilməsi işi necə xaotik və idarəolunmazdır, bölmələr nə qədər özbaşınadır. Hadisələr erməni hərbçilərinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərdi.

Pafoslu danışıqlar, boş xülyalar, utopik açıqlamardan eyforiyaya düşən erməni hərbi siyasi rəhbərliyinin iddiasının əksinə olaraq, bölmələrimizin zərbələri o qədər gözlənilməz oldu ki, nəinki mövqelərini, hətta onların  qalib olmaları barədə eyforik təsəvvürlərini belə darmadağın etdi.

Çünki elə əks-həmlə əməliyyatı zamanı tərəfimizdən düşmənin qüvvələrinə qarşı təşkil olunan elektron mübarizə tədbirləri, PUA-lar vasitəsilə döyüş meydanının, eləcə də düşmənin ön möqelərinin və müdafiəsinin dərinliyinin izlənilərək nəzarətdə saxlanılması və ona endirilən zərbələr o qədər dağıdıcı oldu ki, qarşı tərəf yalnız 2 gün sonra cavab verməyə imkan tapdı.

Bu da yalnız onların bütün dünyaya yalvarışlarından sonra, vasitəçilərin döyüş əməliyyatlarının dayandırılmasına dair təkidli xahişləri nəticəsində yaranan sakitlikdən sonra mümkün oldu.

Bildiririk ki, xalqla ordunun birliyi, ölkə rəhbərliyinin diqqəti, qayğısı, həmçinin rəşadət və qəhrəmanlıq hesabına Azərbaycan əsgəri düşməni əzdi və qaçmağa məcbur etdi.

Azərbaycan Silahlı Qüvvələri azad etdikləri bütün yüksəklikləri hazırda nəzarətdə saxlayır, möhkəmləndirir və düşmənin dərinlikdə olan hərbi obyektlərini daim hədəfdə saxlayıraq istənilən an onlara zərbə endirməyə hazırdır. Məhz elə bu fakt erməni tərəfini qorxu və vahimə içərisində saxlayır”, - deyə, nazirlikdən bildiriblər.