» » » Türkiyə telekanalı Azərbaycanın azad etdiyi torpaqlarda - VİDEO

Türkiyə telekanalı Azərbaycanın azad etdiyi torpaqlarda - VİDEO

Türkiyə telekanalı Azərbaycanın azad etdiyi torpaqlarda - VİDEO

NTV əməkdaşı Azərbaycanın nəzarətinə keçən “Lələ Təpə”də də olub.

Türkiyənin NTV telekanalının xüsusi çəkiliş qrupu aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi ərazilərdən reportaj hazırlayıb.

ucarliyiq.biz AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Azərbaycan Ordusunun gücündən və uğurlarından ətraflı söhbət açılır.

Tanınmış telejurnalist Əhməd Yeşiltəpənin hazırladığı reportajda Azərbaycan Ordusunun 24 ildən sonra azad etdiyi ərazilərdən bəhs olunur. Jurnalist Beyləqandan keçərək cəbhə bölgəsinə gedib. O, ermənilərdən təmizlənən ərazidə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığını bildirib. Reportajda, həmçinin Azərbaycan Ordusunun işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinin strateji əhəmiyyətindən danışılır.

Jurnalist qeyd edir ki, son illər Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunub. Hazırda Azərbaycan Ordusunda ciddi nizam-intizam və ruh yüksəkliyi mövcuddur. Bu da onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən törədilə biləcək bütün təxribatlara layiqli cavab verməyə tam hazırdır.

Əhməd Yeşiltəpə vurğulayır ki, Azərbaycan ilk növbədə, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bunun üçün Ermənistan işğal altında saxladığı torpaqları geri qaytarmalıdır. Bu gün Azərbaycan Ordusu işğal altındakı torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.

Müəllif cəbhə xəttində gördüklərini NTV telekanalının canlı efirindən də diqqətə çatdırıb. Bildirib ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu insanlar 24 ildir doğma yurdlarına qayıtmaq istəyirlər. Müəllif dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqda dörd qətnaməsini də xatırladaraq bildirir ki, Ermənistan bu sənədlərə məhəl qoymur.

Əhməd Yeşiltəpə Azərbaycan Ordusunun gücünə şahid olduğunu bir daha xüsusi vurğulayıb.

Müəllif Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə dair də reportaj hazırladığını açıqlayıb.

ucarliyiq.biz televiziya əməkdaşlarının ərazidə çəkdikləri fotoşəkilləri və son Qarabağ savaşına həsr edilən verilişi təqdim edir: