» » » Fransalı deputat: Ermənistan təxribatlara son qoymalıdır

Fransalı deputat: Ermənistan təxribatlara son qoymalıdır

Fransalı deputat: Ermənistan təxribatlara son qoymalıdır

“Tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

Son günlər cəbhə xətti boyu Ermənistan tərəfindən hərbi təxribatların həyata keçirilməsi və Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki yaşayış yerlərinin, o cümlədən məktəblərin, hospitalların və digər komplekslərin hədəfə alınması qəbuledilməzdir.

ucarliyiq.biz xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Fransa Milli Assambleyasının deputatı, xarici işlər komissiyasının üzvü Jan Luk Reytzerin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, bu hərəkətlər qəti şəkildə beynəlxalq ictimaiyyət tərəfindən pislənilir və Ermənistan bu təxribatlara son qoymalıdır.

“Azərbaycanın tarixi Dağlıq Qarabağ regionu və onun ətrafında 7 digər rayonu 20 ildən artıqdır Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal edilib, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatlar torpaqların bu işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələr qəbul edib. Lakin əfsuslar olsun ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir. 

Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi adları çəkilən qətnamələrin qəbulunda birbaşa iştirak edib və hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün səylərini davam etdirir”, - deyə bəyanatda vurğulanır.

Bəyanatda qeyd olunur ki, tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. 

“Azərbaycanın ərazi bütövlüyü gec-tez təmin ediləcək, məcbur köçkünlər doğma yurd-yuvalarına dönəcəklər. Mənim özüm Fransanın Alzas regionundanam və alzaslılar çox yaxşı bilirlər ki, qonşu ölkə tərəfindən qeyri-qanuni işğal və təcavüz nə deməkdir. Bu səbəbdən Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalmasını daha yaxşı anlayırlar. 

Fransa əhalisi hər zaman ədaləti dəstəkləyən bir xalq kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Son günlər ərzində Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki obyektlərin Ermənistan tərəfindən hədəfə götürərək onları təcavüzə məruz qoymasını bir daha qəti olaraq pisləyirəm və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çağırıram”, - deyə bəyanatda bildirilir.