» » » Kərim Vəliyev rus zabitini mükafatlandırıb

Kərim Vəliyev rus zabitini mükafatlandırıb

Kərim Vəliyev rus zabitini mükafatlandırıb

“Hazırda Azərbaycan bir çox xalqlar üçün Vətəndir”.

Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev ölkəmizin Rusiyadakı səfirliyində 90-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu “Hərbi xidmətlərə görə” dövlət mükafatı ilə təltif edib.

Bu barədə ucarliyiq.biz Trend-ə istinadən xəbər verir.

K.Vəliyev qeyd edib ki, S.Uvarov Azərbaycan Silahlı Qüvvələrində xidmətinə görə bu mükafata layiq görülüb.

“Azərbaycan Ermənistan tərəfindən təcavüzlə qarşılaşıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin əksəriyyəti hərbçi yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyini və bütövlüyünü qoruyublar. Hazırda Azərbaycan bir çox xalqlar üçün Vətəndir”, - deyə K.Vəliyev qeyd edib.

S.Uvarov göstərilən diqqətə görə təşəkkür edib, hərbçi yoldaşlarını və xidmət illərini xatırlayıb.

“Şadam ki, hazırda Azərbaycan və Rusiyanın mehriban münasibətləri var. Bu, ölkələrimizin rəhbərlərinin müdrikliyi sayəsində baş verir”, - deyə S.Uvarov bildirib.
O hesab edir ki, hazırda Azərbaycan Ordusu 20 il əvvəlkindən xeyli güclüdür.

“Azərbaycan Ordusu döyüş bacarığı olduğunu göstərdi”, - deyə rus zabiti vurğulayıb.