» » » Şəhidlərin dəfni ilə bağlı qaydalar dəyişildi

Şəhidlərin dəfni ilə bağlı qaydalar dəyişildi

Şəhidlərin dəfni ilə bağlı qaydalar dəyişildi

Nazirlər Kabineti qərar qəbul edib.

Nazirlər Kabineti "Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları"nda dəyişiklik edib.

ucarliyiq.biz xəbər verir ki, qaydaya əsasən hərbi ehtiram göstərilən zaman tabut Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülür.

Cənazə məzara qoyulmamışdan əvvəl Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovulun rəisi tərəfindən götürülür, fəxri qarovul üzvlərinin iştirakı ilə, aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla, düzbucaqlı üçbucaq şəklində qatlanılır.

Dəfn mərasiminin yekununda dəfn komissiyasının rəhbəri, komissiya yaradılmadıqda isə fəxri qarovulun rəisi Azərbaycan Respublikasının Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir.

Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti ali orqanlarının rəhbərləri, ali hərbi rütbələrə malik olan şəxslər, "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı ilə və "Şah İsmayıl" Azərbaycan Respublikasının ali hərbi ordeni ilə təltif olunmuş şəxslər vəfat etdikdə (həlak olduqda), döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstərilib.

Dəyişikliyə əsasən artıq tək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxslər həlak olduqda deyil, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər vəfat etdikdə (həlak olduqda) onlara hərbi ehtiram göstəriləcək. 

.