» » » “The Huffington Post”: Moskva Qarabağda sülh istəmir

“The Huffington Post”: Moskva Qarabağda sülh istəmir

“The Huffington Post”: Moskva Qarabağda sülh istəmir

Müəllif üç arqument gətirib.

Rusiya Dağlıq Qarabağ münaqişəsində vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olmasa da, regionda sabitliyin pozulmasında əsas amillərdən biridir.

ucarliyiq.biz haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “The Huffington Post”da dərc edilmiş məqaləsində Samuel Ramani yazır.

Müəllif Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolunun təhlilini aparıb və Moskvanın hərəkətlərini izah edən üç arqument gətirib.

Birincisi, Rusiya həm Ermənistanı, həm də Azərbaycanı silahlandırır. Moskva Azərbaycana hərbi helikopterlər, hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri, Ermənistana isə zirehli texnika tədarük edir. Beləliklə də hər iki tərəf özləri üçün əlverişli anda hərbi əməliyyatlara başlamaq üçün daima hazır vəziyyətdə olur, müəllif ehtimal edir.  

İkincisi, İŞİD ilə mübarizəni siyasiləşdirərək Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirir. S.Ramani xatırladır ki, dördgünlük müharibə zamanı Rusiyanın bəzi KİV-i, guya ki, Azərbaycan tərəfində İŞİD yaraqlılarının döyüşdüyünü yazırdı. Müəllif Azərbaycanın bu məlumatı qətiyyətlə təkzib etdiyini yazır.

“Bu məsələyə obyektiv yanaşsaq, o zaman görərik ki, Azərbaycanın İŞİD yaraqlılarına öz ərazisinə keçməsinə icazə verməsi fikri məntiqli deyil. Azərbaycan şiyələrin üstünlük təşkil etdiyi dövlətdir və ABŞ ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq edir. Radikal islamçılar Bakı hakimiyyəti üçün təhdid ola bilər”, - müəllif yazır.

Müəllif vurğulayır ki, V.Putin İŞİD ilə mübarizə adı altında Bəşər Əsədin hakimiyyətini möhkəmləndirmək üçün mümkün olan hər şeyi edib. Eyni şüarlar altında Putin Cənubi Qafqazda hərbi əməliyyatlarda Rusiya hakimiyyətinin iştirakını artıra bilər.

Və Ermənistanın yardımı ilə Azərbaycanı özündən asılı vəziyyətə salaraq, təhlükəsizlik nöqteyi-nəzərindən Putin regionda əsas rəqibləri olan ABŞ və Türkiyənin mövqelərini zəiflədə bilər.

Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qaldığı halda, Rusiya regionda olan nüfuzunu qoruyub saxlayacaq. Məqalənin müəllifinin fikrincə, Rusiyaya münaqişənin dondurulmuş qalması sərfəlidir, o bunun üçün üç səbəb göstərib.  

Birinci səbəb – bu vəziyyət Rusiyaya Ermənistan üzərində hegemonluğunu qorumağa imkan verir. Son hadisələr Yerevanın daima Rusiyadan silah alacağını, Kremlin isə öz növbəsində bu vəziyyətdən razı qaldığını göstərdi.

İkinci səbəb – Qarabağda dondurulmuş münaqişə Türkiyəni hərbi nöqteyi-nəzərdən mühasirədə saxlamaq imkanı verir. Rusiya Suriya, Ukrayna və Ermənistanda hərbi iştirakını dəstəkləyir, bu isə istənilən an zərbə endiriləcək Türkiyənin təhlükəsizliyi üçün təhdiddir.

Üçüncü səbəb – Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün NATO qapılarını açacaq. 2007-ci ildə “WikiLeaks” saytı tərəfindən dərc edilmiş məxfi diplomatik teleqramlardan göründüyü kimi Azərbaycanın siyasi elitası, ölkənin NATO-ya daxil olmasının tərfədarıdır, amma bu istiqamətdə atılan istənilən addım Qarabağ münaqişəsinin həllindən asılıdır. Prezident İlham Əliyev Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına dair təklifi təkzib edib. Deməli, Rusiya Azərbaycanın digər təşkilatlara daxil olmasına qarşı olacaq. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalmalıdır.

“Yekunda demək olar ki, Qarabağda son döyüşlərin başa çatması ilə Putin özünü sülhməramlı kimi göstərə bildi. Amma Rusiyanın addımları Putinin Qarabağda sülh istəmədiyini deməyə əsas verir. Bu vəziyyət, eləcə də nə Azərbaycan, nə də erməni tərəfinin kompromissə getməməsi Dağlıq Qarabağda yaxın zamanda sülhün bərqərar olmasının illüziya olaraq qalacağını deməyə əsas verir”, - məqalədə deyilir.