» » » XİN Qarabağla bağlı materiala görə “Associated Press”ə etiraz etdi

XİN Qarabağla bağlı materiala görə “Associated Press”ə etiraz etdi

XİN Qarabağla bağlı materiala görə “Associated Press”ə etiraz etdi

“Agentliyi faktları verməmişdən öncə dəqiqləşdirmə aparmağa çağırırıq”.

“Associated Press”in Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə dair hazırladığı materialda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisinin 12.000 kvadrat kilometr göstərilməsi faktı ilə əlaqədar etirazımız agentliyə çatdırılıb.

Bunu Ucarliyiq.biz - ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
 
O qeyd edib ki,  Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisi 4.400 kv. km-dir.

“İşğal olunmuş digər ətraf rayonların ərazisi isə 12.6000 kv.km-dir.  Ümumilikdə işğal olunmuş Azərbaycan ərazilərinin sahəsi 17.000 kv. km-dir və bu da ölkəmizin ərazisinin 20 faizini təşkil edir”, – deyə H.Hacıyev bildirib.

H. Hacıyev həmçinin qeyd edib ki, materialda agentlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar yenə də “dispute” (mübahisə) ifadəsi işlənilib.

“Bu da münaqişənin əsl mahiyyətini təhrif edir və münaqişə ilə əlaqədar tətbiq olunan terminologiyaya ziddir. Həmçinin materialda münaqişəyə dini çalarlar verilməsinə cəhd göstərilməsi düzgün yanaşma deyil. Rəsmi İrəvan Azərbaycana qarşı törətdiyi işğal və təcavüzü pərdələmək üçün müxtəlif vasitələrə, o cümlədən din amilinə üz tutmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün səy göstərir. 

Ermənistan-Azərbaycan münaqişəsinin kökü və səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquqa zidd şəkildə gücdən istifadə edərək Azərbaycan ərazilərini işğalı və işğal olunmuş ərazilərdə Azərbaycan əhalisini qanlı etnik təmizləməyə məruz qoymasıdır. Münaqişənin həssaslığını və beynəlxalq ictimaiyyətin düzgün şəkildə məlumatlandırılması zərurətini nəzərə alaraq, “Associated Press”i təkidlə sözügedən materialda müvafiq düzəliş etməyə, bu kimi faktları verməmişdən öncə dəqiqləşdirmə aparmağa və narahatlıq doğuran digər məqamları nəzərə almağa çağırırıq”, - deyə H.Hacıyev bildirib.