» » » Azərbaycanda dini tolerantlıq Çexiya jurnalında

Azərbaycanda dini tolerantlıq Çexiya jurnalında

Azərbaycanda dini tolerantlıq Çexiya jurnalında

Səfirlik məlumat yaydı.

Praqada nəşr edilən “Tyden” jurnalında Azərbaycanda dini tolerantlığı əks etdirən “Yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri yer” adlı məlumat dərc edilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən ucarliyiq.biz-a verilən məlumata əsasən, fotoreportyor Mixal Novotnının hazırladığı materialda Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını və ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanlarından, ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələrinin və sinaqoqların fəaliyyət göstərməsindən bəhs edilib.

Dünyanın heç bir yerində müsəlmanların xristianlarla yan-yana ibadət etmələrinə rast gəlinmədiyi halda, Çexiyalı jurnalistlərin Bakıda müsəlman qadınların kilsədə dua etmələrinə şahid olduqları bildirilib.

İraqda, Suriyada, Pakistanda və digər müsəlman ölkələrində müsəlmanlar arasında qardaş qırğınlarının baş verdiyi halda, Azərbaycanda nəinki ənənəvi olaraq sünni təriqətinin nümayəndələri ilə şiələr arasında heç bir problem yaşanmadığı, hətta pravoslavlar, yəhudilər və digər inanc sahiblərinin arasında qarşıdurmanın olmaması, bir-birlərinin dininə hörmətlə yanaşmaları tolerantlığın bariz nümunəsi kimi əks etdirilib.   

Dərc edilmiş məlumatda həmçinin Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri (Krasnaya Sloboda, Nic, İvanovka kəndləri) haqqında məlumat verilib, həmin kəndlərin sakinlərinin yerli adət-ənənələri, müsəlman qonşuları ilə sülh və əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamaqlarından söhbət açılıb.