» » » Erməni müxalifətçi Azərbaycana qaçdı - YENİLƏNİB

Erməni müxalifətçi Azərbaycana qaçdı - YENİLƏNİB

Erməni müxalifətçi Azərbaycana qaçdı - YENİLƏNİB

Təfərrüatlar məlum oldu.

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Sarkisyan rejiminin əməllərindən bezib Azərbaycana üz tutub.

ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
 
Onun sözlərinə görə, V. Martirosyan ailəsi ilə birlikdə  "Cənubi Qafqaz Qadın Konqresinin" həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edərək, Ermənistandakı mövcud rejimin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, Sarkisyan hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan övladını itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib: 

“Azərbaycanda sığınacaq istəyən Vaan Martirosyan Sarkisyan rejimi tərəfindən olmazın işgəncələrə məruz qalıb. Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib. Novella xanım bizə bu barədə məlumat verdi və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.
 
A. Quliyevin sözlərinə görə, bu, bir daha onu göstərir ki, Ermənistanın işğalçı siyasəti, Sarkisyan rejimi təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı cinayət törədib: 

“Baxmayaraq ki, bu gün biz ermənilərlə müharibə şəraitində yaşayırıq və onlar bizim torpaqlarımızı işğal ediblər, biz yenə də Ermənistan rejimindən pənah gətirən və erməni işğalına etiraz edən, əli yüzlərlə azərbaycanlının qanına batan Serj Sarkisyan rejimini ifşa edən bu cür şəxslərə insan hüquqları təşkilatlarının diqqət ayırmasını istəyirik.
 
Ermənistanda QHT fəallarına və hüquq müdafiəçilərinə qarşı törədilən bu zorakılığa, qeyri-insani rəftara və onların fiziki baxımdan zərərsizləşdirilməsi istiqamətində rəsmi İrəvanın  atdığı addımlara Avropa Parlamenti, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti və digər beynəlxalq hüquq müdafiə təşkilatları adekvat qiymət verəcək  və Ermənistan hakimiyyətini ittiham edən müvafiq qətnamə qəbul edəcəklər. Əks halda, bu, həmin təşkilatların  əsl mahiyyətini bir daha nümayiş etdirmiş olacaq.
 
Eyni zamanda bizim Dağlıq Qarabağda olan erməni vətəndaşlarımız bilməlidirlər ki, onların gec-tez tək bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və əmin-amanlıq şəraitində  yaşamaqdır. Onlar yalnız o zaman Sarkisyan rejimindən yaxa qurtara və öz gələcəklərini qura  bilərlər. 

Biz Azərbaycan tərəfi olaraq dəfələrlə bəyan etmişik ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və biz onlara konstitusiya çərçivəsində hər cürə dəstək verməyə hazırıq. Hətta biz onlara maliyyə yardımı da etməyə hazırıq. Yetər ki, onlar Ermənistandakı rejimə və işğalçılıq siyasətinə etiraz etsinlər”.
 
“Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq almaq üçün mənə müraciət etmişdi. Mən də onun müraciətini deputat Azay Quliyevə göndərdim”.
 
Bunu isə APA-ya açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
 
O bildirib ki, V. Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib və Azərbaycan tərəfi onun istəyinə müsbət cavab verib.
 
Qeyd edək ki,  Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.
 
APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.
 
O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

15:25

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.