» » » Mədət Quliyev: Aprel döyüşlərinin nəticələri Qarabağ münaqişənin həllinə təsiri böyükdür

Mədət Quliyev: Aprel döyüşlərinin nəticələri Qarabağ münaqişənin həllinə təsiri böyükdür

Mədət Quliyev: Aprel döyüşlərinin nəticələri Qarabağ münaqişənin həllinə təsiri böyükdür

“Təcavüzkar Ermənistanın Silahlı Qüvvələri daim təxribat törətmək planları qurur, cəbhəboyu ərazilərdə dinc əhaliyə qarşı müxtəlif təhdidedici hərəkətlərə yol verir”.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə yazdığı məqaləsində bildirib.  

Məqalədə bildirilib ki, 2014-cü ilin yay aylarında cəbhə xəttində baş vermiş döyüşlər, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, həmçinin bu ilin aprel ayının əvvəllərində düşmənin təxribatlarına cavab olaraq hərbçilərimizin əks-hücumla bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri alması ordumuzun kifayət qədər gücə malik olduğunu bir daha sübuta yetirib: 

“Aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çox böyükdür. İlk növbədə, qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müddətdə orada möhkəmlənməyi bacarıb. 

Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilib ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir.

Beləliklə də, düşmən təbliğatının “erməni əsgərinin məğlubedilməzliyi” barədə “mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxıb. Azərbaycan əsgəri istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirib”.

Məqalədə bildirilir ki, xalqın və dövlətin mənafelərinin, təhlükəsizliyinin qətiyyətlə qorumasında, Silahlı Qüvvələrimizin gücünün və qüdrətinin təmin edilməsində dövlət təhlükəsizliyi orqanlarının da üzərinə məsul və şərəfli vəzifələr düşür:

“Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin təmin edilməsinə yönəlib. Günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib. 

Ölkəmizin milli maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, cinayətkarlığa qarşı təsirli və səmərəli mübarizə aparılması bu baxımdan ən ümdə vəzifələrimizdir.

Müharibə vəziyyəti ilə yanaşı, ölkəmizin xarici kəşfiyyat orqanlarının diqqətini cəlb etməsi, beynəlxalq miqyasda terrorizm hallarının artması da təhlükəsizlik xidməti əməkdaşlarından daim ayıq-sayıq olmağı, dövlətimizin, xalqımızın, vətəndaşlarımızın təhlükəsizliyini peşəkarlıqla təmin etməyi tələb edir.

Bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, milli inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirən və uğurla gerçəkləşdirən  möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Zati-aliləri cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, ölkəmiz istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan getdikcə daha da qüdrətlənir”.