» » » Zakir Həsənov xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb

Zakir Həsənov xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb

Zakir Həsənov xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb

Nazir çıxışında Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Bu gün Silahlı Qüvvələrin Baş Qərargahında yeni inzibati binasında Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüş keçirilib.

Müdafiə Nazirliyindən Ucarliyiq.biz - ə verilən məlumata görə, qurumun, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və bir qrup məzunun iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edib.
 
Nazir bildirib ki, döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası və hərbi təyinatlı vasitələr qəbul edilir, planauyğun müxtəlif səviyyəli təlimlər keçirilir, yeni poliqonlar tikilir, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması üçün mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətlə həyata keçirilir.
 
Aprel ayında cəbhə xəttində baş verən hadisələrə toxunan nazir Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olmasını bir daha vurğulayıb. 

Z.Həsənov qeyd edib ki, hadisələr dövlətimizin, xalqımızın qüdrətini, Azərbaycan əsgərinin silahının gücünü, onun döyüş və mənəvi-psixoloji hazırlığını bir daha nümayiş etdirib. Qısa müddətdə həyata keçirilən əks-həmlə nəticəsində işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə Silahlı Qüvvələrimizin şəxsi heyətinin fəaliyyətinə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyev verib.
 
Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə olmalıdır: 

“Silahlı Qüvvələrin hərbi qulluqçusu dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün durmadan peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalı və torpaqlarımızın işğaldan azad edilməsi üçün silahınızı daim hazır saxlamalısınız”.
 
Nazir çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir zabit üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.
 
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunları adından çıxış edən leytenant Rəşad Cəlalov təhsil müddətində dəyərli hərbi vərdişlərə yiyələndiklərini qeyd edərək qarşıya qoyulan tapşırıqları əzmlə yerinə yetirəcəklərinə söz verib.