» » » Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

200 və daha yuxarı bal toplayan 34385 abituriyent müsabiqədə iştirak edəcək.

Sabahdan Azərbaycanın ali məktəblərinə bütün ixtisas qrupları üzrə (I-V qruplar) ixtisas seçimi başlayır.

Ucarliyiq.biz xəbər verir ki, ixtisas seçimi 29 iyul-10 avqust tarixlərində aparılacaq.

2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bu il I-IV qruplar üzrə keçirilən qəbul imtahanlarında  78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imkanı qazanıb. Belə ki, cari il I ixtisas qrupu üzrə imtahanda iştirak edən 31397 abituriyentdən 11406-sı, II ixtisas qrupu üzrə 22135 abituriyentdən 10621-i, III ixtisas qrupu üzrə  19673 abituriyentdən 9535-i, IV ixtisas qrupu üzrə isə 5340 abituriyentdən 2823-ü ixtisas seçimində iştirak edəcək.

I ixtisas qrupu üzrə “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, “Kompüter elmləri” və “Geologiya” ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent ixtisas seçimində iştirak edəcək.

Bu il I ixtisas qrupu üzrə “Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik” ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasının, IV ixtisas qrupu üzrə isə “Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər” ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və “Əczaçılıq” ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər də (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur) ixtisas seçimində iştirak edə biləcəklər.

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 14 808 abituriyent, IV ixtisas qrupu üzrə qəbul imtahanında isə 3223 abituriyent 150 və daha yüksək nəticə göstərərək müsabiqədə iştirak etmək imkanı qazanıb. Ümumilikdə, I və IV qruplar üzrə 150-dən yuxarı bal toplayan 18 031 abituriyent ixtisas seçimində iştirak edəcək.

V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.

ucarliyiq.biz