» » » NİİM-in Baş direktoru: Bakıda “yaşıl dalğa”ların sayı artırılacaq

NİİM-in Baş direktoru: Bakıda “yaşıl dalğa”ların sayı artırılacaq

NİİM-in Baş direktoru: Bakıda “yaşıl dalğa”ların sayı artırılacaq

Rüfət İmanov rəhbərlik etdiyi qurumun planlarını açıqladı.

NİİM-in qarşısında duran əsas məqsədlərdən biri sərnişin və sürücülərin rahatlığının daha yüksək səviyyədə təşkili və nəqliyyatın sıx olduğu küçə və prospektlərdə hərəkətin tənzimlənməsidir. Bu məsələdə quraşdırılan yeni işıqforlar nəqliyyatın idarə edilməsini təmin edir və bununla da nəqliyyat axınlarının optimal hərəkəti tənzimlənmiş olur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Baş direktoru Rüfət İmanov bildirib.

Onun sözlərinə görə, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artması ilə əlaqədar, hazırda işıqforların vaxt planları yenilənib və pik saatlarına uyğun qurulub.

“Bakı şəhərində 298 ədəd işıqforla nizamlanan yolayrıcı mövcuddur ki, bunlardan 150 ədədi Mərkəzin mütəxəssisləri tərəfindən idarə olunur. Digər 148 ədədinə isə DİN Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal İLİ” idarəsi tərəfindən nəzarət olunur. 

Nəqliyyat intensivliyinin artırılması məqsədi ilə mərkəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan işıqforlara Mərkəzin mütəxəssisləri tərəfindən bir sıra əmrlər (“yaşıl dalğa”, “sarı döyünən işıq” və s.), həmçinin günün saatlarına görə vaxt planları tətbiq olunur”, - deyə, o, vurğulayıb.

Rüfət İmanov həmçinin qeyd edib ki, bu məsələdə avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır.

“Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda “yaşıl dalğa”ların sayı artırılır. Bu, əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir.

Təxminən bir küçədə 3-4 işıqforun ardıcıl olaraq yaşıl yanması, küçələrdə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradır. Həmin ərazilərdə “yaşıl dalğa”ların sayı xüsusilə artırılıb və bu proses davam edir. Düşünürük ki, bu, pik saatlarda dərsə gedən və dərsdən gələn vaxtlarda avtomobillərin sayının müəyyən qədər azalmasına, sıxlığın aradan qalxmasına təsir edəcək.

Lakin həmin küçələrdə bir və ya iki sıra qeyri-qanuni avtomobil parklanması olarsa, bu, “yaşıl dalğa”nın təsirini minimuma endirir ”, - deyə, Baş direktor qeyd edib.

Rüfət İmanov həmçinin bildirib ki, NİİM paytaxtda nəqliyyatın hərəkətinin optimallaşdırılması üçün təkliflər hazırlayıb.

Onun sözlərinə görə, Xətai prospekti ilə Heydər Əliyev prospekti istiqamətinə doğru hərəkət edən nəqliyyat vasitələrinin qeyd olunan prospektlərin birləşmə hissəsində geriyə dönmə əməliyyatını yerinə yetirməsi üçün heç bir şərait yoxdur. 

“Xətai prospekti ilə hərəkət edib əks istiqamətə dönmək istəyən nəqliyyat vasitələri ya Babək prospektindən, ya da Yusif Səfərov küçəsindən istifadə etməli olurlar ki, nəticədə xeyli məsafə qət edirlər. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Xətai prospekti ilə H.Əliyev prospektinin birləşmə hissəsində, yolötürücünün altında, nəqliyyat vasitələrinin geriyə dönməsinin sxemdə göstərildiyi qaydada təşkil edilməsi təklif olunur”, - deyə, Baş direktor bildirib və əlavə edib ki, NİİM tərəfindən hazırlanmış təkliflərin sayı 10-a bərabərdir və hər gün bu təkliflər NİİM-in Facebook səhifəsi və kütləvi informasiya vasitələrində yerləşdirilməklə, ardıcıl şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq. 

Bundan başqa, yollarda hər hansı dəyişikliyin edilməsi ilə bağlı vətəndaşların təklifləri olarsa, info@niim.az ünvanına yazıb göndərə bilərlər, deyə, R. İmanov bildirib.