» » » Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul başlayıb

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 2-dən avqustun 8-dək internet vasitəsilə ixtisas seçimi elan edib.

TQDK-dan Ucarliyiq.biz-a verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları (bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları istisna olmaqla) yalnız TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən iyulun 9-dan 13-dək keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Bədən tərbiyəsi və idman istiqamətinin ixtisaslarını yalnız bu ixtisasların aid olduğu komissiya üzrə mayın 20-dən iyunun 2-dək internet səhifəsində qeydiyyatdan keçən abituriyentlər seçə bilərlər.

Abituriyentlərin xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisaslarını da seçmək hüququ var.

ucarliyiq.biz