» » » Şamaxıda güclü yanğın

Şamaxıda güclü yanğın

Şamaxıda güclü yanğın

ETSN baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

Avqustun 18-i saat 14:00 radələrində Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus torpaq sahəsində baş verən yanğın havanın küləkli olması səbəbindən onun söndürülməsində çətinliklər yaradıb və geniş ərazini əhatə edərək Şamaxı meşəbəyliyinin 7 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Ucarliyiq.biz-a verilən məlumata görə, hadisənin ciddiliyi nəzərə alınaraq nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək hadisə yerinə aparılıb. Həmçinin, Nazirliyin 50 nəfərlik heyəti dünəndən hadisə yerinə yola düşüb.

Nazirlikdən bildirilib ki, ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən, əl əməyindən istifadə edilib: 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşlarının və meşə işçilərinin fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində, çətin şəraitdə əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında lokallaşdırılıb, bu gün səhər saat 10 radələrində isə tam söndürülüb”.

Məlumata görə, Şamaxı rayon Şərədil bələdiyyəsinə məxsus ərazidə baş verən yanğın ümumilikdə 35 hektar sahəni əhatə edib və bundan yalnız 2 hektara yaxın ərazi meşə fondu torpaqlarına aiddir: 

“Ümumiyyətlə, bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın nəticəsində quru ot və kol örtüyü yanıb, ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib. Yanğının başvermə səbəbləri araşdırılır”.

ETSN-dən bildirilib ki, meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından irəli gəlir: 

“Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır”.

.
ucarliyiq.biz