» » » Dini Komitə: Azərbaycanda nurçuların dərsxanaları var

Dini Komitə: Azərbaycanda nurçuların dərsxanaları var

Dini Komitə: Azərbaycanda nurçuların dərsxanaları var

“Ümumiyyətlə, nurçular və FETÖ camaatını ayrı-əyrı qiymətləndirmək lazımdır. Klassik nurçular siyasətə qarışmadıqlarını bəyan edirlər. Fəthullah Gülən camaatının fəaliyyəti barədə biz illər öncə müzakirələr aparırdıq, danışırdıq və KİV vasitəsilə çıxışlar edirdik”. 

Ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib: 

“Türkiyədə bu hadisə baş verənə qədər biz Azərbaycanda bu təşkilatın savadlı insanları ələ almaqla dövlətin işinə müdaxilə etdiyini proqnozlaşdırırdıq. Türkiyədəki son hadisələr bunu göstərdi ki, onların planları baş tutmayanda silaha əl atır, çevriliş və qiyam etməkdən çəkinmirlər. Qeyd edim ki, biz bu qrupa qarşı Türkiyədən öncə mübarizə aparmışıq. Bəziləri qeyd edir ki, Türkiyədən sonra bu şəbəkənin ikinci geniş yayıldığı ölkə Azərbaycandır, amma bu belə deyil”. 

O qeyd edib ki, hələ 2009-cu ildə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə Gülənin dini kitablarının, eləcə də onun çıxışlarından ibarət audio-video materialların kütləvi şəkildə ölkəyə gətirilməsi və yayılması Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməyib. Azərbaycanda istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq qurumlar bu istiqamətdə lazımi fəaliyyət göstərib

“Biz bu şəbəkəni əvvəldən təhlükə mənbəyi kimi görmüşük. Uzun illərdir ki, biz Fəthullah Gülənlə bağlı kitabların ölkəyə idxalına icazə vermirik. Çünki onun ideyaları savadlı kadrları tapmaq, onları yüksək səviyyədə təhsil verməklə yetişdirmək və müəyyən qurumlarda yerləşdirmək yolu ilə həmin orqanlarda gücə çevirməkdən ibarətdir.

Bu tendensiya çoxdan müşahidə olunur. Ona görə də onun dinlə bağlı ədəbiyyatlarının ölkəyə gətirilməsinə razılıq verməmişik. Amma Gülən haqqında yazılmış, eləcə də onun müsahibələrindən ibarət müxtəlif dillərdə yazılmış çoxsaylı dini olmayan ədəbiyyatlar da var. Bu ədəbiyyatlar dini ədəbiyyat hesab olunmadığına görə bizim onlara rəy vermək səlahiyyətimiz yoxdur”. 

Azərbaycanda nurçular və FETÖ-çülərlə bağlı icma fəaliyyət göstərirmi sualına cavabında şöbə müdir bildirib ki, Azərbaycanda hazırda dövlət qeydiyyatından keçən belə bir təşkilat yoxdur: 

“Bir məsələ də var ki, hər hansı bir radikal və bölücü təriqət düşüncəsində olan insanların rəsmi icmasının olması mümkün deyil. Çünki icmalar qeydiyyata alınarkən yoxlamalar aparılır. Bu cür təşkilatlar yalnız qanundan kənar, gizli formada toplaşa, fəaliyyət göstərə bilərlər.

Məsələn, bilinir ki, nurçuların müəyyən formada dərsxanaları var və həftənin bəzi günlərində toplaşırlar. Bu barədə məlumatlar var. Amma Gülən şəbəkəsi gizli fəaliyyət göstərir ki, onlar məqsəd və məramları, bəzən dini kimlikləri də bəlli olmadan müəyyən sahələrdə oturuşmağı bacarırlar. Təbii ki, söhbət Azərbaycandan deyil, başqa ölkələrdən gedir”.

.
ucarliyiq.biz