» » » Nazir məzunlara vəzifə verdi

Nazir məzunlara vəzifə verdi

Nazir məzunlara vəzifə verdi

Daxili İşlər Nazirliyində (DİN) ötən tədris ilində Polis Akademiyasının əyani şöbəsi məzunlarının Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində vakant olan zabit vəzifələrinə təyin olunmaları münasibətilə tədbir keçirilib.

Ucarliyiq.biz xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaf şəkildə, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib, bu üsulun son illər artıq ənənəyə çevrildiyini vurğulayıb.

O qeyd edib ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.

DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 53 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Yeri gəlmişkən, Polis Akademiyasını fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 8 məzundan 3-ü nazirliyin Baş Təşkilati-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Polis Akademiyasına, 3 nəfər isə müstəntiq vəzifələrinə təyin edilib.

Gələcək fəaliyyətlərində gənc əməkdaşlara uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini artırmalarını, daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyyə edən daxili işlər naziri Ramil Usubov əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, polis andına sadiq olacaq, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edəcəklər.

Gənc zabitlər adından çıxış edən polis leytenantı İlkin Mehdiyev göstərilən xüsusi diqqətə, qayğıya və yüksək etimada görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, öz fəaliyyətləri ilə göstərilən yüksək etimadı doğruldacaqlarını əmin edib.

Püşkatmada iştirak etmiş məzunlar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyəti vəzifələrinə təyin olunub.

ucarliyiq.biz