» » » Toy bazarında qiymətlər

Toy bazarında qiymətlər

Toy bazarında qiymətlər

Artıq yay mövsümü bitmək üzrədir. Bu mövsümdə toy edənlərin sayı çox olmasa da, az da deyil.

Ucarliyiq.biz APA TV-yə istinadən bildirir ki, yayda istirahətə gedənlərin sayı çox olduğu üçün, toy sahibləri bacardığı qədər bu aylarda toy etməməyə üstünlük verir.

Maraqlıdır, toy bazarında bu gün vəziyyət necədir? Toy məclisi neçəyə başa gəlir, qiymətlərdə dəyişiklik varmı? İlk olaraq gəlin üçün məsrəflərdən başlayaq. Stilist Anar Ağakişiyev deyir ki, ona müraciət edənlər arasında nə azalma, nə də artma müşahidə etməyib. Qiymətlər də dəyişməyib. Bir gəlin üçün saç və makiyajın qiyməti ümumilikdə 800 manatdır, əgər gəlin bu xidmətlərdən yalnız birini seçirsə, 450 manat ödənilir.   

“Əvvəllər bütün məsrəfləri çıxanda mənə hər gəlinin bəzədilməsindən 300 manat qalırdı, indi 100-200 manat qalır. Məncə, acgözlük etmək lazım deyil. Hamı birdən-birə qiymətləri qaldırsa, görün bu hara gəlib çıxar? Bir gəlinin bəzədilməsindən mənə 20 manat qalsa, onda artıq sərf eləmir. Hə, o zaman qiyməti qaldıraram. Amma hələlik artım yoxdur”.

Anar Ağakişiyev deyir ki, gəlinin bəzədilməsi üçün bütün məhsulları xaricdən gətirir, buna görə də xərcləri çox olur. Stilistin sözlərinə görə, bir neçə ildir ki, sadə makiyaj və sadə saç düzümü dəbdədir. Digər gözəllik salonlarında da qiymətlərlə maraqlanırıq. Bəziləri qiymətlərin 300 manatdan başladığını deyir, çoxları qiymətlərin 400-500 manat arasında dəyişdiyini bildirir. Bu qiymətə saç düzümü və makiyaj edilməsi daxildir.

İndi isə keçək gəlinliklərin qiymətlərinə. Azərbaycanda çalışan türk modelyer Lale Zengin deyir ki, qiymətlər modelinə və parçasına görə dəyişir. Gəlin donlarının qiyməti 500 manatdan başlayır.

“Müştərinin istədiyi parçaya, istədiyi modelə görə qiymətlər dəyişir. Yəni biz o gəlinliyin üzərində nə qədər çalışırıq. Ona görə də qiymətlər dəyişir. Üstə sərhəd qoymuram. Çünki orada siz nə qədər lüks bir şey istəyirsiniz, onu bilmək lazımdır. Necə parça istədiyində həmfikir olmağımız lazımdır. Parça önəmlidir, model önəmlidir. Özümüz tikirik. Müştəri özü də parçasını gətirə bilər”.

Modelyer deyir ki,  Azərbaycanda gəlinlərin çoxu enli və quyruq ətəkli donlara üstünlük verir. Daha çox istənilən, bu ilin dəbi sayılan gəlinliyin qiyməti isə 2000 manatdır.

“İç hissəsi dar, çöl hissəsi isə enli ətəkdir. Gecə saatlarında enli olan quyruq çıxarılır və içəridə sadəcə dar bir gəlinlik qalır. Fransız əl işidir”.   

Gəlinin paltarı, saç düzümü, makiyajı hazır. İndi keçək restoranlardakı qiymətlərə. Paytaxta yerləşən restoranlardan birinə baş çəkdik. Restoranın inzibatçısı Aqşin Məmmədovin sözlərinə görə, onlara müraciət edənlərin sayı çoxdur, amma yay aylarında müraciətlər bir qədər azalır. Sentyabrda isə toylar daha çox olur. Restoranda bir neçə zalın fəaliyyət göstərdiyini deyən inzibatçının sözlərinə görə, qiymətlər hər zala uyğun olaraq dəyişir.

“Qiymətlərimiz adam sayına görə 60-120 manat arası dəyişir. Bundan da yüksək məbləğdə  menyu var. Yüksək məbləğdə olan menyu müştərinin seçimi ilə bağlıdır. Biz çalışdığımız qədər standartlardan qaçmışıq. İndividual yeməklərə daha çox üstünlük veririk, bura qızıl balıq, medalyon və s. daxildir. Çalışdığımız qədər Avropa mətbəxinə daha çox üstünlük veririk.

Çalışdığımız qədər şablon menyudan qaçırıq. Müştərilərin özü də standartlardan kənar menyu istəyir, şablon menyuları seçmir. Başqa yerlərdə bir-birinə bənzər salatlar üstünlük təşkil edir, biz isə çalışmışıq masanı bu salatlardan azad edək. Avropa mətbəxinə uyğun bir mətbəx seçmişik. Fərqliliklər tərtibatında, dadında, görünüşündədir”.

İnzibatçı deyir ki, onlara müraciət edənlər daha çox yüksək məbləğdə olan menyuları seçir. Çünki müştərilər daha çox yeni və keyfiyyətli yeməklər, gözəl servis tələb edirlər.

“Toy sahiblərinin razı qalması üçün gələn müştərilərə masanın demo versiyası hazırlanır. Testfood təqdim olunur. Toy sahibi yeməklərin tamına baxır. Hazırda gördüyünüz kimi testfood hazırlanıb. Toy sahibləri gəlib yeməklərin tamına baxacaqlar”.

Bir neçə restoranın menyusu ilə də maraqlanırıq. Müştərinin istəyindən və menyunun növündən asılı olaraq qiymətlər 35-40-50 manat arasında dəyişir. Əvvəllər 40 manatlıq menyuda bir çox yeməklər olsa da, indi həmin qiymətə menyudakı yeməklərin bir çoxu çıxarılıb.

Toy üçün xərclər bununla bitmir. Maşın sifarişi toya hazırlığın əsas hissələrindən sayılır. Bəylə gəlini məclisə aparacaq lyuks marka maşınların bir günlük icarəsi 150 manatdan başlayır. 4 min manata da maşın karvanı sifariş etmək mümkündür. Maşın karvanının qiyməti avtomobillərin sayından asılıdır, karvanda bir maşının ortalama qiyməti 400 manatdır.

Toy xərclərinə son dövrlər biri də əlavə olunub. Söhbət bəylə gəlin üçün toydan əvvəl fotosessiya sifarişindən, “Love story” hazırlamaqdan gedir. Bir fotosessiyanın qiyməti 100 manatdan başlayır, 2000 manatda bitir. Qiymətlər fotoların sayından, çəkiliş məkanlarından asılıdır.

ucarliyiq.biz