» » » Şimal bölgəsində çaylarda suyun səviyyəsi 90 santimetrədək artıb

Şimal bölgəsində çaylarda suyun səviyyəsi 90 santimetrədək artıb

Şimal bölgəsində çaylarda suyun səviyyəsi 90 santimetrədək artıb

Güclü yağışdan sonra respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-a verilən məlumata görə, sentyabrın 1-i gündüzdən 2-si səhərədək yağan intensiv yağış nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 45-70, Kiçik Qafqazın çaylarında isə 2 sm artım qeydə alınıb.

Sentyabrın 1-dən 2-nə keçən gecə Qəbələ və İsmayıllı rayonlarının ərazisindən axan Dəmiraparançaydan və Girdimançaydan qısamüddətli sel keçib. 

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 450-920, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 180-200 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 155 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 20 m3/s olmaqla, ongünlük normanın 27 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 83 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyət də məlum olub. Belə ki, sentyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 10, Bankədə 39 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 sm (2015-ci il sentyabrın 2-də 347 sm), Salyanda 174 sm (2015-ci il sentyabrın 2-də 140 sm), Bankədə 221 sm (2015-ci il sentyabrın 2-də 165 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2015-ci il sentyabrın 2-də 68 sm) təşkil edir.

.
ucarliyiq.biz