» » » Azərbaycan gömrükçüləri fəhlənin pianosunu əlindən aldı? – VİDEO

Azərbaycan gömrükçüləri fəhlənin pianosunu əlindən aldı? – VİDEO

Azərbaycan gömrükçüləri fəhlənin pianosunu əlindən aldı? – VİDEO

Sabirabad rayonunun Həsənli kəndindən olan fəhlə Aqşin Güləliyevin pianoda ifa edərkən çəkilmiş görüntüləri internetdə yayılandan sonra Türkiyədən olan iş adamı ona piano bağışlayıb.

Ucarliyiq.biz Virtualaz.org saytına istinadən xəbər verir ki, gömrük xərcini ödəyə bilmədiyindən azərbaycanlı fəhlənin pianoya sahib olmaq arzusu gözündə qalıb.

Tikinti şirkətlərindən birində fəhlə işləyən A.Güləliyevin ən böyük arzusu bu musiqi alətinə sahib olmaqdır.

Atasının qaynaqçı, anasının ev qadını olduğunu deyən Aqşinin sözlərinə görə, özündən başqa 2 bacı və qardaşı ilə birlikdə ailəsi çətinliklə dolandığından onun musiqiyə olan həvəsi gözündə qalıb.

“Özümü tanıyandan ən böyük arzum musiqiçi olmaq olub. 15 yaşım olanda ailəmdən məni musiqi kursuna göndərmələrini istədim. Cüzi aylıq ödəyərək kiçik bir musiqi dərnəyində pianoda ifa etməyi öyrəndim. Evdə piano olmadığından praktik baxımdan öyrəndiklərimi tətbiq edə bilmirdim. Maddi çatışmazlıq ucbatından elə dərnəkdə öyrəndiklərimlə kifayətlənməli oldum. Öyrəndiklərim yay aylarında toylar zamanı çörəkpulum oldu”, - deyə həvəskar pianoçu bildirib.

Güləliyev ötən ilin avqust ayında tikinti işləri gördüyü məktəbdə təsadüfən rastına çıxan pianoda musiqi ifa edərkən dostu onu telefonun videokamerasına çəkir və beləcə, sosial mediada xeyli məşhurlaşır.

Dediyinə görə, Azərbaycanda telekanallardan biri onunla maraqlanaraq “gəl, bizim dediyimiz musiqiləri ifa et, sənə iş və piano verəcəyik” deyiblər. Lakin həmin süjet efirə gedəndə məlum olub ki, Aqşini ələ salaraq piano təhsili olmadığı bildirilib və dilənçi kimi rəftar ediblər.

Həvəskar pianoçu o qədər ürəkdən musiqi ifa edib ki, həmin videonu izləyən və adının çəkilməsini istəməyən türkiyəli iş adamı ona piano göndərib, lakin Aqşin Güləliyev gömrük xərclərini ödəyə bilmədiyinə görə onu əldə edə bilmir.

“Anaya övladsız həyat necə dözülməzdirsə, bir pianoçuya da pianosuz yaşam o qədər çətindir. Mən o vaxt pul qazanmaq məcburiyyətində idim. 6 ildir tikintidə çalışıram. Biri mənə gəl, bu musiqi sənətilə məşğul ol desəydi, bir dəqiqə belə düşünməzdim və gedərdim. Bu qədər vurğun olduğum musiqi alətini bir ömür işləsəm də, əldə edə bilməyəcəkdim. Ona görə də, harada piano görürdüm, onda ifa etməkdən özümü saxlaya bilmirdim”, - deyə A.Güləliyev bildirib.

Şəxsi həyatı ilə bağlı danışan A.Güləliyev bildirib ki, əvvəllər aşiq olduğu bir qadın olub. Lakin onun başqası ilə ailə qurması həvəskar musiqiçiyə çox pis təsir etdiyindən həyatını musiqiyə bağlayıb. Ən böyük arzusu musiqi albomu çıxarmaq olsa da, bu, hələ ki, onun üçün xəyaldır.

ucarliyiq.biz