» » » Keçmiş müstəntiq həbs olundu

Keçmiş müstəntiq həbs olundu

Keçmiş müstəntiq həbs olundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib.

Amma hakim bunu nəzərə almayıb və prosesi qəsdən uzatmaq istəyinin olduğunu deyib.

Bundan sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra vəkil çıxış edərək müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.

Daha sonra prosesdə çıxış üçün R.Səfərova söz verilib. R.Səfərov çıxışa hazır olmadığını, ona bir həftə vaxt verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və ona çıxışa hazırlaşmaq üçün 15 dəqiqə vaxt verib.

Fasilədən sonra R.Səfərov çıxışa hazır olmadığını deyib və yenidən məhkəmədən vaxt istəyib. Məhkəmə bunu çıxışdan imtina kimi dəyərləndirib.

Məhkəmədə yenidən fasilə elan edilib. Fasilədən sonra hökm elan olunub. Məhkəmə R.Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

R.Səfərov məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, prokuror çıxış edərək məhkəmədən R.Səfərova 10 il həbs cəzası verilməsini istəmişdi.